Azərbaycanda manatla verilən vaxtı keçmiş kreditlərin həcmi 2016-cı il sentyabrın 1-nə 754,8 mln. manat təşkil edib ki, bu da avqustun 1-nə nisbətən 42,9 mln. manat və ya 6,02% çoxdur. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 85,4 mln. manat və ya 10,16% azalıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,39 faiz bəndi, ilin əvvəlindən isə 0,98 faiz bəndi artaraq 8,62%-yə çatıb.
Mərkəzi Bankın verdiyi xəbərə görə, milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin həcmi avqustun 1-nə nəzərən 6,8 mln. manat və ya 4% artaraq sentyabrın 1-nə 176,4 mln. manat təşkil edib. İlin əvvəlindən isə 91,8 mln. manat və ya 34,23% azalma olub. Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 13,3% təşkil edib. Bir ay əvvəl bu göstərici 12,95%, ilin əvvəlində isə 15,1% olub.
Manatla uzunmüddətli kreditlərdə problemli kreditlərin həcmi isə sentyabrın 1-nə 578,4 mln. manat təşkil edib. Bu, avqustun 1-nə olan göstəricidən 36,2 mln. manat və ya 6,68% artıqdır. İlin əvvəli ilə müqayisədə isə manatla uzunmüddətli problemli kreditlər sentyabrın 1-nə 6,4 mln. manat və ya 1,12% artım göstərib. Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı sentyabrın 1-nə 7,79%, ilin əvvəlinə 6,2%, avqustun 1-nə isə 7,39% təşkil edib.
Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi avqustun 1-nə nisbətən 45,3 mln. manat və ya 5,71%, cari ilin əvvəli ilə müqayisədə isə 169,7 mln. manat və ya 25,39% artaraq sentyabrın 1-nə 838 mln. manata çatıb.
Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi sentyabrın 1-nə 10,37%, avqustun əvvəlinə 9,82%, ilin əvvəlinə isə 6,2% olub.
Xarici valyutada olan vaxtı keçmiş qısamüddətli kreditlərin həcmi sentyabrın 1-nə 334,6 mln. manat təşkil edib ki, bu da avqustun 1-nə olan göstəricidən 2,7 mln. manat və ya 0,8% azdır. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 29,8 mln. manat və ya 9,78% artıb. Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı sentyabrın 1-nə 14,53% olub. Qeyd edək ki, keçən ay bu göstərici 15%, ilin əvvəlində isə 8,6% təşkil edib.
Xarici valyutada vaxtı keçmiş uzunmüddətli kreditlərin həcmi avqustun 1-nə nisbətən 48,1 mln. manat və ya 10,56%, ilin əvvəlinə nisbətən 140 mln. manat və ya 38,51% artaraq sentyabrın 1-nə 503,5 mln. manata çatıb. Bu kreditlərin xüsusi çəkisi isə sentyabrın 1-nə 8,71%, avqustun 1-nə 7,82%, 2016-ci ilin əvvəlində isə 5% olub.
Report©