Azərbaycan Respublikasının Mərkəzi Bankı “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq hazırlanmış “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi” istifadəyə verilib.
FED.az Azərbaycan Respublikası Mərkəzi Bankına istinadən xəbər verir ki, İstifadəçilər axtar.bizimpullar.az ünvanını qeyd edərək həm fərdi kompüterlərdən, həm də mobil сihazlardan sistemə daxil ola bilərlər.
Maliyyə Savadlılığı portalının tərkib hissəsi olan bu sistem istifadəçilərin maliyyə məhsulları üzrə məlumatları bir mənbədən əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və ya xidmət seçməsinə və seçim zamanı rasional qərarlar verməsinə imkan yaradır. Sistem əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını asanlaşdırmaq və bu xidmətlərdən istifadəni stimullaşdırmaqla yanaşı, maliyyə xidmətləri bazarında rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması, həmçinin şərtlərinin yaxşılaşdırılmasına da töhfə verəcəkdir.
Sistemə qoşulmuş banklar əsas maliyyə məhsulları (məsələn, əmanət, kredit, ödəniş kartları və s.), filial və şöbələr, ödəniş terminalları və digər xidmətlər haqqında məlumatları (şərtlər və tariflər) sistemə yerləşdirib mütəmadi yenilənməni təmin edirlər.
Mərkəzi Bank tərəfindən “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə bankların qoşulması işləri gələcəkdə də davam etdiriləcəkdir.
Azərbaycanda maliyyə xidmətləri üzrə - AXTARIŞ SİSTEMİ İŞƏ DÜŞDÜ - YENİLİK
17:05
28 İyun 2019