Bu ilin iyunun 16-dan noyabrın 24-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 225,48 mln. manatdan çox kompensasiya ödənilib.
Eləcə də bax: Əmanətlərin tam sığortalanması dövrü başa çatır - YENİ TƏKLİFLƏR
Əmanətlərin Sığortalaması Fondundan (ADIF) FED.az-a verilən məlumata görə, "AGBank" üzrə 4 481 əmanətçiyə 105,35 mln. manat, "NBCBank" üzrə isə 4 094 əmanətçiyə 120,13 mln. manat kompensasiya verilib.
İyunun 1-dən noyabrın 24-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 372,06 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 689 əmanətçiyə ödənilən məbləğ 138,03 mln. manat, "Atabank" üzrə isə 9 615 əmanətçiyə 234,03 mln. manat kompensasiya verilib.
Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, noyabrın 24-nə 23 879 əmanətçiyə bu məbləğin 597,5 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 88,4%-i təmin olunub. (Apa)