Azərbaycanda özəl sektora ayrılmış kreditlərə zəmanət verilməsi üçün yeni, ikinci Zəmanət Fondunun yaradılması müzakirə edilir. FED.az xəbər verir ki, bir qədər əvvəl yaradılan Kredit Zəmanət Fondundan fərqli olaraq yeni fond kənd təsərrüfatı sahəsində verilmiş kreditlərə zəmanət verəcək.
Belə ki, dekabrın 7-də Kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması ilə bağlı tədbirlər üzrə İşçi Qrupunun iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda kənd təsərrüfatı üzrə kredit zəmanət fondunun yaradılması imkanları nəzərdən keçirilib, mövcud vəziyyət və beynəlxalq təcrübə təhlil edilib və növbəti tədbirlər müzakirə olunub.
Bildirilib ki, kənd təsərrüfatı üzrə kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 3-cü strateji hədəfinin bəndlərindən biridir.
İclasa cəlb edilmiş mütəxəssislər qeyd ediblər ki, beynəlxalq təcrübə ümumi və kənd təsərrüfatı üzrə sektoral kredit zəmanət fondunun yaradılması mümkünlüyünü ortaya qoyur. Xüsusilə, inkişaf edən ölkələrin təcrübələrində kredit zəmanət fondları, kənd təsərrüfatı və kənd yerləri üzrə kiçik və orta fermer təsərrüfatlarının və sahibkarlığın inkişafına töhfə verir və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin yaradılması bu istiqamətdə atılan ən mühüm addımlardan biridir.
Kənd təsərrüfatı üçün kredit zəmanət fondunun yaradılması sahənin xüsusiyyətlərini nəzərə almaqla ilk növbədə girovları olmayan, lakin ödəniş qabiliyyəti və sağlam iqtisadi fəaliyyəti olan kənd təsərrüfatı sahibkarlarının kreditlərə çıxışının asanlaşdırılması, kreditlər üzrə girov bazasının genişləndirilməsi, kredit təşkilatlarının vəsaitlərinin aqrar sektorun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılması mümkün ola bilər.
Fond aqrar sahədə kiçik və orta sahibkarlığın yaradılması və onların sonradan iri fermer təsərrüfatlarına çevrilməsi üçün xüsusi əhəmiyyət kəsb edən, beynəlxalq təcrübəyə uyğun maliyyə dəstəyidir.
Müzakirələrin nəticəsində kənd təsərrüfatı üzrə kredit zəmanət fondunun yaradılması imkanları ilə bağlı hazırlanan təkliflərin aidiyyəti qurumlar tərəfindən rəy verilməsi üçün Hökumətə təqdim edilməsi məqsədəuyğun hesab edildi.