Azərbaycanda biznesin inkişafı üçün monetar şəraitin kifayət qədər əlverişli olduğu halda biznes aktivlik hələ də gözlənilən həddə çatmayıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri barədə açıqlamasından məlum olur.
Eləcə də bax: Azərbaycanda banklarla bağlı yeni cəza növü - MÜƏYYƏNLƏŞİB
Mərkəzi Bankın açıqlamasından aydın olur ki, iqtisadi aktivlik üçün monetar şərait mövcuddur: «May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6.6% artmışdır ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir».
Bununla yanaşı, biznesin kredit aktivliyi aşağı olaraq qalmaqdıdır. Üstəlik kredit portfelində azalma baş verir. «Yanvar-aprel aylarında kredit qoyuluşları 0.1%, o cümlədən hüquqi şəxslər üzrə 2.7% azalmışdır»-deyə AMB-nin açıqlamasında bildirilir.
Mərkəzi Bank bildirir ki, kredit aktivliyinin az olması nəticəsində bank sektorunda aktivlərin bir hisəsi istifadəsiz qalıb: «Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır».
AMB etiraf edir ki, aktivliyin aşağı düşməsi ölkənin iqtisadi sabitliyinə xələl gətirir: «Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir. Bu fonda cari ildə bankların xarici investisiya aktivliyi diqqəti cəlb edir».
Qeyd edək ki, AMB ölkədə iqtisad artımın olduğunu bildirir və elan edir ki, ölkədəki iqtisadi artım pozitivdədir – ilk 4 ayda real iqtisadi artım 2,1% olub. Artım demək olar ki, bütünlüklə qeyri-neft sektorunun payına düşüb. Amma qeyri-neft sektorundakı bu artım əsasən ticari sektordan qaynaqlanıb: «Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft emal və xidmət sektorunda artmışdır»-deyə AMB bildirir.