Azərbaycanda krediti ən yaxşı paytaxt sakinləri və buradakı şirkətlər ödəyirlər. Ölkənin bölgələrində isə problemli kreditlər daha böyükdür. FED.az xəbər verir ki, bu, «NBC bank»ın 2018-ci ilin ilk yarısı üzrə hesabatdan aydın olur. Hesabatdan aydın olur ki, bəzi bölgələr üzrə problemli kreditlərin həcmi 40%-i keçir.
Portfelin yarısı istehlak kreditləridir
Qeyd edək ki, ötən illə müqayisədə «NBC bank»ın kredit portfeli təqribən 30 milyon manat və ya 18,3% artaraq 193,5 mln. manatı keçib. Kreditlərin qaytarılması vəziyyəti də yaxşılaşıb. Belə ki, ötən il bankın problemli kreditləri 7,4% idisə, hazırda bu göstərici 6%-ə (11,6 mln. manat) düşüb.
Sahəvi olaraq kreditlərin böyük hissəsi istehlak kreditlərinə və ticarət/xidmət sektoruna verilib.
Belə ki, 2018-ci ilin ilk yarısında bankın kreditlərinin 93,4 milyon manatı və ya 48,25%-i istehlaka, 61,8 mlyon manat və ya 31,96% ticarət və xidmət sektoruna, 16,3 milyon manat və ya 8,4% sənaye sahəsinə, 22 milyon manat və ya 11,37% isə digər sahələrə verilib.
Kreditdə gecikmə olmayan sahə də var
Fiziki şəxslərə verilən kreditlərdə problemli kreditlərin həcmi 8 mln 356 min manat və ya 8,95% təşkil edib.
Ticarət və xidmət sahəsinə verilən kreditlərdə problemli hissə cəmi 2 mln. 521 min manat və ya 4,08% təşkil edib.
Sənaye sahəsinə verilən kreditlərdə vaxta keçmiş hissə yoxdur və kreditlər demək olar ki, problemsiz qaytarılıb.
Digər sektorlarda isə problemli hissə 713 min manat və ya 3,2% təşkil edir.
Ən böyük problemlər İctimai təşkilat, Mərkəzi və bələdiyyə idarəetmə orqanlarına ayrılmış kreditlərdədir. Bankın bu sahəyə hələ 2017-ci ildə ayırdığı 7 min manat indiyədək qaytarılmayıb.
Ən intizamsız müştərilər Lənkəranda imiş
Hesabatdan məlum olur ki, «NBC bank»ın kreditlərinin böyük hissəsi Bakıda verilir. Belə ki, 193 mln 523 min manat kredit portfelinin 183 mln. 717 min manatı və ya 95%-i Bakıda cəmləşib. Ötən il də vəziyyət təqribən belə olub.
Bakı şəhərində kreditləri daha intizamlı qaytarırlar – 2018-ci ilin ilk yraısında paytaxtda problemli kreditlər 5,1% (9,4 mln. manat) təşkil edib.
Sumqayıt şəhərində verilən kreditlər 5 mln 831 min manat olub. Bu regionda vaxtı keçmiş kreditlər daha yüksəkdir - 942 min manat və ya 16,2%.
Gəncə şəhərində isə kreditlərin təqribən 25%-i geri qaytarılmır. «NBC bank»ın hesabatına görə, bu ilin ilk yarısında Azərbaycanın qərb paytaxtında 2 mln 477 min manat kredit verilib ki, bunun da 616 min manatı və ya 24,9%-i geri qaytarılmayıb.
Digər regionlarda isə kreditlərin qaytarılması ilə bağlı vəziyyət daha pisdir. Belə ki, bu ilin ilk yarısında Lənkəran şəhərində verilən kreditlərin ümumi məbləği 896 min manat olub. Onların təxminən yarısı - 406 min manatının və ya 45,3%-nin vaxtı keçib.
Şəkidə də təqribən eyni vəziyyətdir. Buradakı 603 min manatlıq kredit portfelinin 242 min manatı və ya 40,1%-i problemlidir.
Azərbaycanda krediti ən pis qaytaran bölgələr – BANK HESABATI
15:48
11 İyul 2018