Azərbaycanda kredit tarixçəsi korlanmış və buna görə banklarda kredit almaq çətinliyi olanlar üçün yenilik tətbiq ediləcək.
FED.az xəbər verir ki, bundan sonra həmin şəxslər özləri haqqında kredit bürosuna daxil olan neqativ məlumatı vaxtında görüb problemi həll edə biləcəklər.
Bu «Kredit büroları haqqında» qanuna gözlənilən dəyişiklikdə nəzərdə tutulub.
Qanuna edilən dəyişikliyə əsasən, kredit bürosuna məlumat təchizatçıları, yəni adamın problemli olması barədə büroya məlumat verən qurumlar tərəfindən hər hansı şəxs barədə mənfi məlumat daxil olduqda, bu barədə şəxsin özünə məlumat göndəriləcək.
Qanuna əlavə edilən yeniliyə görə, müştərinin «barəsində kredit bürosuna daxil olmuş neqativ məlumat haqqında kredit bürosundan ödənişsiz bildiriş almaq” hüququ yaranacaq. Eyni zamanda müştəri neqativ məlumatın Kredit bürosuna hansı qurum tərəfindən daxil edildiyini də görə biləcək.
Nəticədə həmin şəxs kredit tarixçəsində problemli olduğunu görərək onu vaxtında həll edə biləcək.
Bu hal, insanların kredit tarixçələrini «təmiz» saxlamaqla yanaşı, həm də tarixçənin təsadüfən, bilməyərəkdən korlanmasının qarşısını almaqdan qoruyacaq. Belə ki, bəzi hallarda kredit tarixçəsi müştərinin xəbəri olmadan nəzərdən qaçırmaq bir neçə qəpik borca görə də korlana bilər.
Qanuna edilən dəyişiklik bu halın qarşısını almağa imkan verəcək, eləcə də insanları daha məsuliyyətli olmağa vadar edəcək.