“Bu günə qədər Azərbaycan məhkəmələri banklara və bank olmayan kredit təşkilatlarına borclarla bağlı 400 minə yaxın qərar çıxarıb”.
FED.az xəbər verir ki, bunu Bakıda, Astana Beynəlxalq Maliyyə Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Biznesin maliyyələşdirilməsi və inkişaf üçün yeni imkanlar” mövzusunda tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunis Abdulov deyib.
“Bu istiqamətdə icra proseslərinin təkmilləşdirilməsi və sürətləndirilməsi qarşımızda duran ən əsas çağırışlardan biri olmaqla iqtisadiyyatın təkrar kreditləşdirilməsində əhəmiyyətli rol oynayır. ABA bununla bağlı Ədliyyə Nazirliyiilə sıx əməkdaşlıq edir.
Digər vacib məsələ isə girovun reallaşdırılması ilə bağlıdır. Bazar mexanizmlərinə uyğun, işlək hərrac mexanizminin - platformasının yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Biznes subyektlərinin institusionallaşması, maliyyə və iqtisadi savadlılığın, eləcə də idarəetmə bacarıqlarının artırılması biznesin maliyyələşdirilməsində əsas çağırışlardan biridir”, - deyə o, qeyd edib.
“Əlbəttə, təkmilləşmə təkcə real sektordakı biznes subyektlərinin ehtiyacı deyil. Bank sektorunda da risk və strategiya menecmenti, həmçinin korporativ idarəetmə strandartlarının təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi kimi istiqamətlərdə zamanın tələblərinə uyğunlaşma ehtiyacı var. ABA və onun nəzdində fəaliyyət göstərən 12 ekspert qrupu sektorun qeyd olunan istiqamətlərdəki inkişafına dəstək vermək üçün çalışır.
Yeni dövrdə biznesin maliyyələşdirilməsi, məhz yuxarıda sadalanan çağrışlara necə həllər təklif edəcəyimizdən asılı olacaq. Ümidvaram ki, dövlət qurumları, bank sektoru və biznes icması bu cür platformalarda bir araya gəlmək və çağırışlara cavab axtarmaqla, fikir və təcrübə mübadiləsi aparmaqla effektiv həll yolları tapacaqlar”, - deyə Y.Abdulov əlavə edib.