Dünən investisiya şirkətlərinin nümayəndələrinin Mərkəzi Bankın rəhbərliyi ilə görüşü keçirilib.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankından - İNVESTİSİYA ŞİRKƏTLƏRİNƏ TÖVSİYƏ
FED.az biznes və maliyyə xəbərləri portalı "Marja"ya istinadən xəbər verir ki, Mərkəzi Bankda baş tutmuş görüşdə Azərbaycan qiymətli kağızlar bazarında fəaliyyət göstərən bütün investisiya şirkətləri: İnvestAZ İ.Ş., AzFinance İ.Ş., Paşa Kapital İ.Ş., Unicapital İ.Ş., Xalq Kapital İ.Ş., PSG-Kapital İ.Ş., BTB Kapital İ.Ş., Plato Capital and Co. İ.Ş. nümayəndələri, AFBİA-nın sədri və Mərkəzi Bankın Kapital bazarına cavabdeh şəxsləri: Baş Direktor Əli Əhmədov və aparıcı mütəxəssis Tural Eyvazlı iştirak ediblər.
Görüş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının yeni Baş direktoru Əli Əhmədov giriş sözü ilə çıxış edərək bugünki görüşün əsas məqsədinin ilkin tanışlıq olduğunu bildirib. O həmçinin, sektorun qarşılaşdığı çətinliklər, gələcək prespektivlər və Azərbaycan qiymətli kağızlar bazarının inkişafı ilə bağlı təkliflərlə şəxsən tanış olub, bu istiqamətlərdə Mərkəzi Bankın ilkin mövqeyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Bundan başqa görüş zamanı, Prezident İlham Əliyevin xüsusi önəm verdiyi real sektorun maliyyələşməsi yolları müzakirə edilib, bu istiqamətdə investisiya şirkətlərinin və bütövlükdə qiymətli kağızlar bazarının önəmliliyi vurğulanıb.
Görüşün sonunda Azərbaycan qiymətli kağızlar bazarının inkişafı üçün nəzarətedici orqanla peşəkar iştirakçıların birgə əməkdaşlığının əhəmiyyəti xüsusilə qeyd edilib və qanunvericilik aktlarına dəyişikliklər zamanı birgə fəaliyyət göstəriləcəyi bildirilib. Bundan başqa ölkəmizdə investisiya bankçılığının önəmi bir daha vurğulanıb.
Görüşdə əsas təkliflər Azərbaycanda investisiya banklarının yaradılması və ya investisiya şirkətlərinin investisiya banklarına çevrilməsi, infrastrukturun təkmilləşdirilməsi, fiziki şəxslərin proqram təminatı vasitəsilə birbaşa birjaya çıxışlarının təmin olunması, səhm bazarına çıxacaq şirkətlərə vergi güzəştlərinin tətbiq edilməsi üzrə olub və bu təkliflər ətrafında geniş müzakirələr aparılıb.