Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank öz müştərisinə xaricdən sindikatlaşdırılmış kredit təşkil edib. Krediti alan tərəf Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan "Anglo Asian Mining Plc" şirkətidir. Bu şirkətin səhmləri London birjasinda ticarət edilir, eyni zamanda, Azərbaycanda qeyri-neft sektorunda ən böyük özəl ixracatçı sayılır.
Bankdan FED.az-a verilən məlumata görə, bu kredit Azərbaycan bazarında təşkil edilmiş ilk sindikatlaşdırılmış kredit olub. PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə bu kredit əlverişli bazar şərtləri ilə alınıb, bu əməliyyatın baş tutması isə banka olan inamın göstəricisidr: «Ümumilikdə isə regiondakı makroiqtisadi çağırışlar fonunda yerli bazarda fəaliyyət göstərən şirkət üçün bu növ krediti almaq Bankımıza olan böyük etimadının göstəricisi və bütün bazar üçün isə müsbət bir əlamətdir”, - deyə T. Kazımov bildirib.
Qeyd edək ki, $13.5 milyon həcmində kredit 2 illik müddətə illik faiz dərəcəsi 7% olmaqla ayrılıb. Bu vəsait "Anglo Asian Mining Plc"in xarici və yerli borclarının ödənilməsinə sərf olunacaq.
Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank 2007-ci ildə təsis edilib. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan bankın 600-dən çox işçisi var.
Qeyd edək ki, PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. PAŞA ŞQ bankçılıqla yanaşı, sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunur.