Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı - "Mpay" və "GoldenPay" MMC-lər "Açıq bankçılıq" ekosisteminə qoşulub.
Azərbaycanda ilk dəfə “Açıq bankçılığ”ın tətbiqinə başlanılıb
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun rəqəmsal maliyyə xidmətlərinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən biri "Açıq bankçılıq" yanaşmasının tətbiqidir. Bir sıra kommersiya banklarının inteqrasiya olunduğu bu ekosistemə ilk dəfə elektron pul təşkilatılarının qoşulması ölkədə maliyyə texnologiyalarının inkişafına, innovativ ödəniş həllərinin genişlənməsinə və istifadəçilər üçün daha əlçatan rəqəmsal xidmətlərin formalaşmasına töhfə verir.
"Açıq bankçılıq" mexanizmlərinin tətbiqi istifadəçilərə müxtəlif maliyyə hesablarını vahid platforma üzərindən idarə etmək, eləcə də maliyyə məlumatlarına daha rahat və təhlükəsiz şəkildə çıxış əldə etmək imkanı verir.
İnteqrasiya həmçinin elektron pul təşkilatları üçün yeni imkanlar yaradır. Belə ki, "Açıq bankçılıq" mühiti innovativ məhsul və xidmətlərin inkişafını təşviq edir, bazar iştirakçıları arasında əməkdaşlığı gücləndirir və rəqabət qabiliyyətini artırır.
Beləliklə, bu təşəbbüs maliyyə əməliyyatlarında şəffaflığın yüksəldilməsinə, rəqəmsal iqtisadiyyatın genişlənməsinə və maliyyə inklüzivliyinin artırılmasına xidmət edir.
Hazırda "Açıq bankçılıq" ekosisteminin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Növbəti mərhələlərdə digər iştirakçıların da ekosistemə qoşulması nəzərdə tutulur.














