Azərbaycanda son iki ayda dövriyyədə olan əməkhaqqı kartlarının azalması müşahidə edilir.
Eləcə də bax: Kredit kartları ilə əməliyyatlar - 33% ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən bildirir ki, 2019-cu ilin sonunda Azərbaycanda 2 milyon 316 min ədəd, 2020-ci ilin yanvarın sonunda 2 milyon 355 min ədəd, fevralda 2 milyon 347 min ədəd, martın sonunda isə dövriyyədə 2 milyon 334 min ədəd əməkhaqqı kartı olub.
Başqa sözlə, yanvar ayında əmək haqqı kartlarının sayı 29 min ədəd artsa da, fevralda kartların sayı 8 min ədəd, martda isə 13 min ədəd azalıb. Əmək haqqı kartlarının sayının azalması koronavirus dövründə işçilərin işdən azad edilməsi, yəni ixtisarlarla bağlıdır.
Əvəzində, bu dövrdə ölkədə sosial kartların sayında sürətli artım baş verib. FED.az AMB-yə istinadən xəbər verir ki, 2019-cu ilin sonunda, yəni bu ilin əvvəlində dövriyyədəki sosial kartların sayı 2 milyon 383 min ədəd idi. Yanvarda bu kartların sayı 324 min ədəd artaraq 2 707 minə, fevral ayında isə 16 min artaraq 2 milyon 723 min ədədə yüksəlib. Martda sosial kartlar daha 31 min ədəd artaraq 2 milyon 754 min ədədə çatıb.
Bu dövrdə kredit kartlarının sayında da ciddi artım olub. AMB-nin hesabatından aydın olur ki, 2019-cu ilin dekabr ayında dövriyyədə olan kredit kartlarının sayı 797 min ədəd olub. Yanvarda kredit kartlarının sayı 32 min ədəd artaraq 829 minə, fevralda 61 min ədəd artaraq 890 minə, artıq mart ayında isə 40 min ədəd artaraq 930 min ədədə çatıb.
Maraqlıdır ki, koronavirusun təsirinin ciddi hiss olunduğu mart ayında da kredit kartlarının artması dayanmayıb.
Əvəzində mart ayında debet kartlarının sayında kəskin azalma olub. 2019-cu ilin sonunda digər kartların sayı 1 milyon 769 min ədəd idi, yanvarda bu rəqəm 53 min ədəd artaraq 1 milyon 822 min ədədə, fevralda isə 50 min ədəd artaraq 1 milyon 872 min ədədə çətıb. Martda isə debet kartlarının sayı 35 min azalaraq 1 milyon 837 min ədədə enib.