Baş Prokurorluq Azərbaycanda faktiki olaraq bank fəaliyyəti ilə məşğul olan, amma gizli işləyən maliyyə qurumunun aşkar edilməsi barədə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə qanunsuz pul köçürmə fəaliyyəti ilə məşğul olan şəbəkə aşkar edilib.
Eləcə də bax: Aktivlərindən ən yaxşı istifadə edən - 5 BANK MƏLUM OLUB
Dövlət qeydiyyatına, yəni vergi uçotuna alınmadan və lisenziyasız fəaliyyət göstərən şəbəkə pul vəsaitlərinin müəyyən xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul edilməsi və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərirmiş.
Şəbəkənin əsas fəaliyyəti Azərbaycanla-Türkiyə arasında pul köçürmələri olub. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı məlum olub ki, İskəndərov Rəşad İmran oğlunun rəhbərlik etdiyi şəbəkə 2018-2019-cu illər ərzində faktiki şəkildə bank fəaliyyəti ilə məşğul olub.
O, Mustafa Kılıç Murat oğlu və digər bir qrup şəxslərlə əlbir olaraq Bakının Binəqədi rayonu ərazisində yerləşən ofis yaradıb. Ofisdə gizli formada qeydiyyat və mühasibatlıq aparmaqla ona müraciət edən ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini Türkiyə Respublikasındakı şəxslərə təhvil verilməsi xidməti təşkpil edib. Eləcə də, əks istiqamətdə – Türkiyədə fəaliyyət göstərən belə qruplar tərəfindən qəbul edilmiş pul vəsaitlərinin Azərbaycanda ayrı-ayrı şəxslərə çatdırılması ilə məşğul olub. 2 ildən az müddət ərzində şəbəkə Azərbaycandan Türkiyəyə və əks istiqamətdə 88 milyon 744 min ABŞ dolları və 6 milyon 110 min avro, yəni ümumilikdə 162,7 milyon manatlıq məbləğlər köçürüb. İki ölkə aramsında 14 min 553 dəfə pul köçürməsi edilib. İstintaq müəyyən edib ki, bu qanunsuz əməliyyat nəticəsində şəbəkə sahibləri 1 milyon 344 min manat məbləğində gəlir əldə edib.
Həmin vəsait İskəndərov Rəşad İmran oğlu, Kılıç Mustafa və başqaları ilə aralarında bölünüb. Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq zamanı Rəşad İskəndərovun ofis kimi istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospektində yerləşən 7 saylı evin 17 nömrəli mənzilinə baxış zamanı oradan sonuncuya məxsus olan 4 noutbuk, 1 ədəd stolüstü kompüter, 118 min ABŞ dolları, 61 min manat, 1125 avro pul vəsaiti, 2 mobil telefon aşkar edilərək götürülüb.
İş üzrə Rəşad İskəndərov təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda prokurorluq işlə bağlı istintaq-əməliyyat tədbirlərini davam etdirir.