Son vaxtlar bəzi göstəricilərində geriləmə müşahidə olunan «Premium Bank»ın rəhbərliyi dəyişib.
FED,az xəbər verir ki, bankın idarə heyətinin sədri Mahir Nəcəfov işdən çıxarılıb, onun yerinə Kamil Lətifov təyin edilib.
Mahir Nəcəfov bankdan getməyib və idarə heyətinin üzvü - sədr müavini (Baş maliyyə inzibatçısı) vəzifəsində çalışacaq.
Son illər adı bir neçə dəfə qalmaqalda hallanan «Premium bank»da kadr dəyişikliklərinin səbəbi açıqlanmayıb.
Xatırladaq ki, hələ 2022-ci ildə, ilin sonunda «Premium bank»ın aktivləri 9% və ya 68 milyon manat azalaraq 692,2 milyon manata enib.
Bankın öhdəlikləri isə 509,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayimədə 64,8 milyon manat və ya 11,3 % azdır.
2023-cü ilin yekununda isə «Premium bank»ın aktivləri daha 7 milyon manat və ya 1% azalaraq 685 milyon manat olub.
Bankın öhdəlikləri isə 1,8 milyon manat azalaraq 507,8 milyon manata enib.
Xüsusilə depozit portfeli 2022-ci ilin sonu ilə müqayisədə 40 milyon manata yaxın (8,5%) azalaraq 427 milyon manata enib.
Depozit portelinin 330 milyon 857 min manatı fiziki, 95 milyon 913 min manatı hüquqi şəxslərin əmanətləri olub. 2022-ci ilin sonu ilə müqayisədə fiziki şəxslərin əmanətləri təqribən 10 milyon manat (2,9%), onsuz da az olan hüquqi şəxslərin əmanətləri isə 30 milyon manat (23,8%) azalıb.
Bu dövrdə bankın kapitalı da 5,3 milyon manat və ya 2,9% azalaraq 177,3 milyon manata enib.
Doğrudur, «Premium bank» bu dövrü 7 453 min manat xalis mənfəətlə bağlayıb və bu ötənilki göstəricidən (5 milyon 466 min manat) artıqdır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, «Premium bank»ın 2022-ci il və 2023-cü ildəki maliyyə göətsricilərində fərq var – 2023-cü ildə «Premium bank»ın əməliyyat mənfəəti kəskin azalıb.
2022-ci ildə bankın əməliyyat mənfəəti 10,5 milyon manat idi. Bank bu puldan təqribən 2 milyon manat ehtiyat ayırmalarına ayırmış, üstəlik 3,2 milyon manat vergi ödədikdən sonra 5,5 milyon xalis mənfəətə çıxmışdı.
2023-cü ildə isə «Premium bank»ın əməliyyat mənfəəti 3 milyon manat azalaraq 7,5 milyon manata düşüb. Bankı «xilas edən» əvvəlki illərdə ayrılmış ehtiyatların (2 milyon manat) geri qayıtması olub. Bank vergini həmin pulla ödəyib və nisbətən yüksək mənfəəti təmin edib.