İtalyanlar masaya "banco" deyirlər. Əksəriyyətimiz mənasını bilməsək də "Banco" sözünü gündəlik həyatımızda tez-tez işlədirik. Söhbət bankdan gedir.
Bank rəhbərlərinin əsas vəzifəsi isə - bankın vəsaitlərini effektli və riskləri nəzərə almaqla idarə edərək səhmdarlara mümkün olan yüksək mənfəət qazandırmaqdır.
Bunun üçün bankirlərdən ənənəvi maliyyə bilikləri ilə yanaşı, iqtisadi analiz, bazarı təhlil etmə, vaxtında qərarvermə və idarə etmə kimi qabiliyyətlər tələb olunur.
FED.az xəbər verir ki, Azərbaycanın ümumi aktivləri 38 milyard manata çatan bank sistemi 26 bank rəhbəri tərəfindən idarə edilir.
Hazırda ölkədə 26 bank rəhbərindən 10-u 1980-ci ildən sonra anadan olub. 9 bankir 1970-1979-cu illərdə anadan olub, 7 bankir isə 1970-ci ildən əvvəl anadan olub.
Ölkənin ən gənc bankirləri «AFB Bank», «Paşa Bank» və «Naxçıvanbank» rəhbərləridir - 1983-cü il təvəllüdlü bu şəxslərin 40 yaşı yoxdur.
Azərbaycan bankları arasında ən yaşlı bankirlər «Günaybank» və «Bank Avrasiya»nın rəhbərləridir – 1963-cü il. Pakistan Mərkəzi Bankının Bakı filialının rəhbəri isə 1958-ci ildə anadan olub.
Bank sektorunun ümumi aktivləri 38 milyard manata yaxındır. Bu məbləğin 24,4 milyard manatını və ya bütün bank aktivlərinin 3-də ikisini 1980-ci ildən sonra doğulan bankirlər idarə edir. Bunların arasında ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı – ABB (11,5 milyard manat), «Bank Respublika» (1,2 milyard manat), «Xalq Bank» (2,4 milyard manat), «Paşa Bank» (6,4 milyard manat) və başqaları var.
Aktivlərin 11,3 milyard manatını və ya təqribən 30%-ni 1970-1979-cu illərdə anadan olan bankirlər idarə edir. Bunların arasında ölkənin ən böyük banklarından biri olan «KapitalBank» (6,7 milyard manat), «Turanbank» (715 milyon manat), «Yelo Bank» (533 milyon manat), «Rabitəbank» (1,017 milyard manat) və başqaları var.
2,3 milyard manat və ya 6%-ni isə 1970-ci ildən əvvəl doğulan bankirlər idarə edir. Onların arasında ən təcrübəlisi «Unibank»ın (1,038 milyard manat) rəhbəridir.
FED.az biznes və maliyyə portalı Azərbaycanda fəaliyyət göstərən bankların İdarə Heyəti sədrlərinin anadan olduğu tarixləri təqdim edir.