Azərbaycanda banklar tərəfindən verilən kreditlərin 81,68%-i və ya 10 milyard 262 milyon 852 min manatı Bakı şəhərinin payına düşür.
FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2018-ci ilin dekabr ayının 1-nə ümumilikdə kredit portfelinin həcmi 12 milyard 564 milyon 150 min manat təşkil edib.
Bunun 7 milyard 892 milyon 756 min manatı milli valyutada, 4 milyard 672 milyon manatı isə sərbəst dönərli valyutada verilib. Kreditlərin regionlar üzrə xüsusi çəkisinin az olması ilə yanaşı, faiz dərəcələrində də fərq var.
Eləcə də bax: 20%-dən aşağı faizlə nağd pul krediti verən banklar – SİYAHI
Statistik məlumatlara görə, kredit həcminə görə ikinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. 11 ayda bu rayona 572 milyon manat həcmində kredit qoyulub ki, bu da portfeldə 4% pay deməkdir.
Abşeron iqtisadi rayonuna kredit qoyuluşu 510 milyon manat təşkil edir və bu rayon üçüncüdür. Gəncə-Qazax iqtisadi rayonuna 475 milyon manat, Lənkəran iqtisadi rayonuna 208 milyon manat kredit verilib.
Kredit qoyuluşunun cəmi 1,3%-i Quba-Xaçmaz iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, ötən ilin 11 ayında Quba-Xaçmaz iqtisadi rayonuna 163 milyon 871 min manatlıq kredit qoyulub.
Şəki-Zaqatala iqtisadi rayonunun kredit portfelindəki payı 1,25% olub və buraya 157 milyon manat kredit verilib. Naxçıvana verilən kreditin həcmi isə 103 milyon manat olub ki, bu da portfeldə cəmi 0,82% çəkiyə malikdir.
Kredit qoyuluşlarının 61 mln.109 min manatı Dağlıq Şirvan iqtisadi rayonuna, 49 mln. 453,5 min manatı Yuxarı Qarabağ iqtisadi rayonuna, 283 min manatı Kəlbəcər-Laçın iqtisadi rayonuna düşür.
Kreditlərin orta faiz dərəcəsi üzrə ən bahalı kreditlər Yuxarı Qarabağ (24,8%) və Dağlıq Şirvan iqtisadi rayonunda (23,9%) qeydə alınıb. Ən aşağı faiz dərəcəsi 9,7% təşkil edib və bu faizlə kredit Naxçıvana verilib.
Milli valyuta ilə verilən kreditlərdə Yuxarı Qarabağ iqtisadi rayonundakı faiz göstəricisi hətta 25.3% təşkil edir. Valyutada verilən kreditlərdə isə 20.8% göstəricisinə rast gəlmək olar və bu Dağlıq Şirvan iqtisadi rayonunun payına düşür.