2025-ci il aprel ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları təxminən 27,9 milyard manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ölkə üzrə ümumilikdə orta faiz dərəcəsi 13,40%-ə bərabər olub.
Bunun da 21,3 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb.
Bakıdan sonra ən çox kredit 1 milyard 118,7 milyon manat olmaqla Abşeron-Xızı iqtisadi rayonunun payına düşüb.
Gəncə-Daşkəsən iqtisadi rayonunda isə bu göstərici 828,9 milyon manat təşkil edib.
Lənkəran-Astara iqtisadi rayonunda kreditlərin həcmi 662,6 milyon manata bərabər olub.
Mərkəzi Aran iqtisadi rayonu üzrə verilmiş kreditlərin həcmi 554,9 milyon manat, Qazax-Tovuz iqtisadi rayonu üzrə 531,3 milyon manat təşkil edib.
Ən az kredit isə 10.4 milyon manatdan bir qədər yüksək olmaqla Şərqi-Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Məlumata görə orta faiz dərəcəsi ən yüksək olan iqtisadi rayonlar Dağlıq-Şirvan (19,45%), Qarabağ iqtisadi rayonu (19,31%), Mil-Muğan (19,27%), Lənkəran-Astara (19,19%) və Şirvan-Salyan (19,04%) iqtisadi rayonları olub.
Ən aşağı orta-faiz dərəcəsi isə Bakı iqtisadi rayonunda (12,06%) qeydə alınıb. Bakıdan sonra ən ucuz kreditlər 14,75% olmaqla Naxçıvan iqtisadi rayonunda olub.