Ötən il Azərbaycan banklarında əmək haqqı xərcləri 25%-ə yaxın artıb.
FED.az-ın hesablamalarına görə, 2022-ci ildə ölkə banklarının əmək haqqı xərcləri 732 milyon 652 min manata yüksəlib.
2021-ci illə müqayisədə əmək haqqı xərcləri 145 milyon 778 min manat və ya 24,8% artıb.
Azərbaycanda əməkhaqqı xərci dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
Xatırladaq ki, 2021-ci ildə bankların əmək haqqı xərcləri 586 milyon 874 min manat olmuşdu.
Amma ayrı-ayrı banklarda əmək haqqı xərclərinin artım sürəti fərqli olub, hətta bəzi banklarda bu xərclər azalıb.
Belə ki, 2022-ci ildə əmək haqqı xərcinin ən sürətli artdığı bank «Turanbank» olub. 2022-ci ildə bu bankın əmək haqqı xərcləri 58% və ya 5,3 milyon manat artıb. «Rabitəbank», «Bank Respublika» və «Yelo Bank»da da əmək haqqı xərcləri 36-38% artıb.
Məbləğ baxımından əmək haqlarını ən çox artıran banklar isə Azərbaycan bank sektorunun lideri – ABB və «Kapital Bank»dır.
2022-ci ildə «Kapital Bank»da əmək haqqı xərcləri 38,3 milyon manat və ya 29%, «ABB Bank»da isə 26,8 milyon manat və ya 27% artıb.
Əmək haqlarının məbləğə görə artımında 3-cü yeri Bank sektorunun daha bir lideri «Bank Respublika» tutur. 2022-ci ildə «respublikaçılar» əmək haqqı xərclərini 13,7 milyon manat artırıblar. «Unibank»da əmək haqqı xərclərinin artımı 11 milyon manatdan artıq olub.
Bank sektorunun liderlərindən olan «Paşa Bank» isə əmək haqqı xərclərinin artımına görə, 6-cı yerdədir – 8,2 milyon manat və ya 16%.
Azərbaycanda əməkhaqqı xərci dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
2022-ci ildə 2 bankda əmək haqqı xərcləri azalıb. Bunlar «Bank BTB» və «ASB Bank»dır. Bank BTB-də əmək haqqı xərcləri 1,6 milyon manat və ya 20%-ə yaxın azalıb. ASB-da isə azalma cəmi 4,7% olub.