Azərbaycanda dövlət fondları hesabına biznesə yönəldilən kreditlərin həcmi artmaqda davam edir. Bu ilin oktyabrın 1-nə olan məlumata görə, bu mənbədən verilən kreditlərin ümumi məbləği 1 milyard 110,7 milyon manat təşkil edib.
FED.az Mərkəzi Bankın hesabatına istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 157,3 milyon manat və ya 16,5% artım deməkdir.
Belə ki, ötən ilin oktyabrın 1-də dövlət fondları hesabına biznesə 953,4 milyon manat kredit verilmişdi.
Artım digər dövrlər üzrə də müşahidə olunub. Ötən ilin sonuna (999,2 mln. manat) nəzərən portfel 111,5 milyon manat (11,2%) böyüyüb. Təkcə son bir ayda isə (sentyabra nəzərən) 47,3 milyon manatlıq (4,4%) artım qeydə alınıb.
Bu rəqəmlər göstərir ki, dövlət fondları hesabına verilən kreditlərin ümumi biznes portfelindəki payı da artır. Əgər ötən il bu pay təxminən 6,6% idisə, hazırda 7,1%-i keçib.
Xatırladaq ki, dövlət fondları hesabına verilən biznes kreditləri ötən ilin eyni dövründə 953,4 milyon manat, ötən ilin sonunda 999,2 milyon manat, bu ilin sentyabrın 1-də isə 1 milyard 63,4 milyon manat təşkil edirdi.













