Azərbaycan banklarının iqtisadiyyatın maliyyələşdirməsindəki payı xarici ölkələrlə müqayisədə kəskin aşağıdır.
Eləcə də bax: Qeyri-faiz gəlirləri üzrə bankların bazar payları - CƏDVƏL, BÖLGÜ
Bu barədə FED.az-a müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, əgər Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20 faizini təşkil edirsə, dünya üzrə bu göstərici orta hesabla 130 faiz, Avropa və Mərkəzi Asiya üzrə 91 faiz, Azərbaycanın da daxil olduğu yuxarı orta gəlirli ölkələrdə 123 faizdir. Nəzərə alsaq ki, kredit qoyuluşlarından əlavə xaricdə həm də qiymətli kağızlar bazarından da sərmayə cəlb olunur, onda tam mənzərəni təsəvvür edə bilərik. Deməli, Azərbaycanda kredit portfelinin böyüməsi və maliyyə dərinliyinin artması üçün geniş imkanlar var.
V.Qasımlı Azərbaycan banklarında depozit və kredit faizlərinin də bir-irindən daha çox fərqləndiyini bildirib: «Dünya Bankının məlumatına əsasən, Azərbaycanda spred (kredit faizi ilə depozit faizi arasındakı fərq) göstəricisi 2018-ci ildə 7,17 faiz olmuşdur, bu gün spred 4,65 faizdir, amma yenə də region ölkələri ilə müqayisədə yüksəkdir. Örnək olaraq, 2018-ci ildən spredin Belarusda 2.78 faiz, Gürcüstanda 2,29 faiz, Rusiyada 3,5 faiz və Moldovada 4,36 faiz olduğunu qeyd edə bilərik».