Azərbaycanda fəaliyyət göstərən xarici kapitallı banklardan biri – İran Milli Bankının Bakı Filialı 2020-ci ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci rübdə İran Bankının faiz gəlirləri 655 656 manat, faiz xərcləri 53 410 manat olub. Nəticədə xalis faiz gəlirləri 602 247 manat olub.
Bu pulların 160 365 manatı aktivlər üzrə ehtiyatların yaradılmasına ayrılıb, daha 14 557 manat isə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi nəticəsində itirilib.
Əvəzində İran bankı 1-ci rübdə xarici valyuta əməliyyatlarından 125 275 manat qazanıb.
Birinci rübdə bankın inzibati xərcləri 354 min manat olub.
Nəticədə İran bankı rübü 239 678 manat mənfəətlə başa vurub, 5,7 min manat mənfəət vergisi ödəyəndən sonra bankın xalis mənfəəti 233 921 manat olub.
Bu dövrdə bankın aktivləri 1,2% azalaraq 97 milyon 529 min manata enib.
Bankın müştərilərə verdiyi kreditlər 433,5 min manat artaraq 4 milyon 618,1 min manata çatıb.
Bank qiymətli kağızlara investisiyalarını 1 milyon 237 min manat artıraraq 24 milyon 52,3 min manata çatdırıb.
Nağd vəsaitlər isə 1,4 milyon manat azalaraq 58 milyon 227 min manata, maliyyə institutlarından alınacaq vəsaitlər isə 1,4 milyon manat azalaraq 2 milyon 295 min manata düşüb.
Bu dövrdə İran bankının öhdəlikləri təqribən 1,4 milyon manat və ya 2,3% azalaraq 60,7 milyon manat olub. Maliyyə institutları qarşısındakı öhdəliklər təqribən 1% artaraq 32 milyon manatı keçib. Müştəri hesablarındakı vəsaitlər isə yarım milyon manat azalaraq 11,5 milyon manata düşüb.
İran Milli Bankının Bakı Filialının nizamnamə kapitalı 73 milyon 611 min manat olsa da, əvvəlki illərin zərəri bu məbləğin 36 milyon 784 min manatını «yeyib». İlin əvvəlində bu məbləğ 37 milyon manat idi, amma 1-ci rübdəki xalis mənfəət bütünlüklə kapitala yönəldilib. Nəticədə hazırda bankın cəmi kapitalı 36 milyon 828,7 min manat təşkil edir.