Azərbaycanın kredit bazarında ən sağlam və stabil seqment ipoteka kreditləşməsi olaraq qalır. Mərkəzi Bankın açıqladığı son rəqəmlərə görə, problemli ipoteka kreditlərinin həcmində illik bazada ciddi azalma qeydə alınıb.
FED.az-ın məlumatına görə, bu ilin iyunun 1-nə ölkədə vaxtı keçmiş ipoteka kreditlərinin həcmi 36 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 milyon manat və ya 13% azalma deməkdir. Belə ki, 2024-cü ilin iyunun 1-də problemli ipoteka kreditlərinin həcmi 41,4 milyon manat idi. Bu, ipoteka borclularının daha məsuliyyətli olduğunu və bankların bu sahədə riskləri daha yaxşı idarə etdiyini göstərir.
Bununla yanaşı, son bir ayda (may ayına nəzərən) problemli ipotekada cüzi – 1,3 milyon manatlıq (3,7%) artım müşahidə olunub.
Ən əsası odur ki, ipoteka kreditləri ümumi portfeldə ən aşağı riskli seqmentdir. Problemli kreditlərin ipoteka portfelindəki xüsusi çəkisi cəmi 0,8% təşkil edir. Bu göstərici aylıq müqayisədə dəyişməz qalıb, illik müqayisədə isə 0,3 faiz bəndi yaxşılaşıb. Bu da ipotekanı Azərbaycan bankları üçün ən təhlükəsiz kredit növü edir.