“İcraçı Kredit Agentliyi” (İKA) MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 12 174 manat və yaxud 5,55% azaldaraq 219 450 manatdan 207 276 manata endirib.
FED.az xəbər verir ki, bu barədə “Report”a BOKT-un İdarə Heyətinin sədri Arif Əliyev məlumat verib.
Eləcə də bax: Nisyə mal alanların kreditinə də - NƏZARƏT OLUNACAQ - YENİLİK
Onun sözlərinə görə, buna səbəb 2 kredit ittifaqının İKA-dakı payını geri götürməsidir. Söhbət bu ilin əvvəlində lisenziyası ləğv edilmiş “Şans Kredit İttifaqı” MMC-dən (Xaçmaz rayonu) və fəaliyyətdə olan “Hindarx Kredit İttifaqı” MMC-dən (Ağcabədi rayonu) gedir.
Bununla da, İKA-nın səhmdarı olan kredit ittifaqlarının (hüquqi şəxslərin) sayı 9-dan 7-yə, onların nizamnamə kapitalındakı payı isə 31,1%-dən 27,3%-ə düşüb. Əvəzində BOKT-un səhmdarı olan 11 fiziki şəxsin (işçilərin) payı 68,5%-dən 72,5%-ə çatıb. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) maliyyə qurumundakı payı isə dəyişməyərək 0,2% qalıb.
Xatırladaq ki, İKA 2002-ci ildə yaradılıb. BOKT uzun müddəti Kənd Təsərrüfatı Nazirliyi nin xətti ilə kredit ittifaqlarına ayrılan maliyyə vəsaitləri üzrə vasitəçi olub.