Azərbaycan banklarında ən sürətlə böyüyən kredit portfeli biznes kreditlərdir.
FED.az bankların biznes kreditinin dinamikası üzrə renkinqinə istinadən xəbər verir ki, 2024-cü il 1-ci rübünün sonuna ölkə banklarında biznes kreditlərinin məbləği 13,2 milyard manatı keçib Bu o deməkdir ki, rüb ərzində biznes kreditləri 584 milyon manat və ya 4,6% artıb.
Amma bu artım heç də bütün banklarda eyni olmayıb, hətta bəzi banklarda kredit portfeli aşağı düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan banklarının biznes kreditlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, hesabat dövründə ölkədəki 23 bankdan 12-də biznes kreditləri artıb, 11 bankda isə biznes kreditlərinin azalması baş verib.
Biznes kreditlərdə ən çox artım “Azər Türk Bank”da qeydə alınıb. Belə ki, 1-ci rüb ərzində bankın biznes kreditlərinin həcmi 205,5 milyon manat və ya 5,3 dəfə artıb.
Məlumat üçün bildirək ki, 2023-cü ilin sonunda “Azər Türk Bank”ın biznes kreditlərinin həcmi 47,3 milyon manat idi, bu ilin 1-ci rübünün sonuna isə bu rəqəm 252,8 milyon manata yüksəlib.
Ölkənin bank sekrtorunun lideri olan Azərbaycan Beynəlxalq Bankı-ABB-nin biznes kreditləri rüb ərzində 132,9 milyon manat və ya 5,3% artıb.
«Unibank»ın biznes kreditlərində isə 5,5% və ya 18,2 milyon manat artım baş verib.
“Yelo Bank” 4,9% və ya 23,6 milyon manat artımla ilk beşlikdə yer alan banklar arasındadır.
Biznes kreditlərinin ən çox azaldığı bank «Naxçıvanbank» olub. Son 1 rüb ərzində bankın biznes kreitləri 21,5 milyon manat və ya 22% azalaraq 97 milyon manatdan 76,6 milyon manatа düşüb.
Son vaxtlar «çəki itirən» «Premium Bank»da isə biznes kreditləri portfeli 7,2 milyon manat və ya 1,9% azalıb.
«Bank Avrasiya»nın biznes kreditlərində 5,2 milyon manat (3,5%) «Azərbaycan Sənaye Bankı»nda isə 6,3 milyon manat (2,7%) azalma müşahidə edilib.