Azərbaycan Banklar Assosiasiyasında (ABA) aşağı gəlirli əhali qrupları üçün pulsuz baza bank xidmətlərinin tətbiqi üzrə Mərkəzi Bankın hazırladığı təkliflər paketi ilə bağlı müzakirələr aparılıb.
FED.az ABA-ya istinadla xəbər verir ki, Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. İclas zamanı ödəniş kartlarının müəyyən hissəsinə uyğun bank hesablarının açılmamasının ölkədə rəqəmsal ödənişlərdən istifadənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə nəzərdə tutulmuş bir çox tədbirlərin effektiv icrasına maneələr yaratması, həmçinin aşağı gəlirli əhali qrupları üçün pulsuz baza bank xidmətlərinin tətbiqi üzrə Mərkəzi Bank tərəfindən hazırlanmış təkliflər paketi istiqamətlərində müzakirələr aparılıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.