Azərbaycanda 7 ildir ki, yeni bank yaradılmır.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) sonuncu dəfə "Zıraat Bank Azərbaycan" ASC-yə lisenziya verib.
Eləcə də bax: Mərkəzi Bank Pakistan bankının törəməsinə - LİSENZİYA VERDİ
Bununla belə, Türkiyənin dövlət bankının Azərbaycan bazarına ilk dəfə gəlişi 1998-ci ilə təsadüf edib. Həmin il "Zıraat Bank" Azərbaycandan olan tərəfdaşları ilə birlikdə "Azər-Türk Bank"ı yaradıb və hələ də, bu bankda payını saxlayır.
2014-2021-ci illər ərzində ölkədə bankların sayı nəinki artıb, əksinə manatın ikili devalvasiyası fonunda təxminən 42 % azalaraq 26-ya düşüb. Əvəzində bank olmayan kredit təşkilatlarının (BOKT) sayı sürətlə artıb. Təkcə bu il AMB 6 BOKT-a lisenziya verərək onların sayını 54-ə çatdırıb. Bəs ölkədə bank yaratmağa niyə maraq yoxdur?
BOKT kimi işləmək daha rahatdır
"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyir ki, banklardan fərqli olaraq BOKT-lar kredit tarixçəsi olmayan şəxslərə belə rahatlıqla kredit verə bilirlər. “Bank və BOKT hər ikisi maliyyə sektorunun iştirakçısı olsa da, hədəf müştəriləri fərqlidir. Mikromaliyyə təşkilatları kredit tarixçəsi olmayan müştərilərə belə kredit verməkdə maraqlıdır. Yəni BOKT-lar riskləri öz üzərinə götürməkdə maraqlı təşkilatlardır. Elə müştərilər var ki, banklar üçün maraqlı deyil. Yəni onlar çox riskli müştərilərdir. Belə müştərilərin elə dövrü olur ki, onların kredit tarixçəsi olmur. Lakin illər keçdikcə onlar sahibkara çevrilir. Elə insan var ki, o sahibkar deyil və bir növ öz gündəlik ehtiyaclarını təmin etmək üçün kredit götürür. Zaman keçdikcə onun fəaliyyəti böyüyür və həmin şəxs sahbikara çevrilir. Artıq bu zaman həmin şəxs banklar üçün maraqlı müştəri olur. Çünki onun kredit tarixçəsi yaranır. Düşünürəm ki, bəlkə də AMB bu nöqteyi-nəzərdən çalışır ki, maliyyə bazarında müştəriləri yetişdirən BOKT-ların sayı çox olsun”.
J.Hacıyevanın sözlərinə görə, BOKT-ların sayının artması insanların maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə və maliyyə bazarlarında rəqabət yaranmağına imkan verəcək: “Rəqabətin yaranması isə xidmətin şəffaflaşmasına və təkmilləşməsinə xidmət edəcək. Nəticədə ən çox qazanan da sahibkarlar və yaxud sahibkar olmaq istəyənlər olacaq. Böyük bir kütlə var ki, hələ sahibkar deyil, amma sahibkar olmaq istəyir. Müəyyən zaman lazımdır ki, onlar kiçik məbləğlə başlayaraq özünəməşğulluq fəaliyyətlərini inkişaf etdirsinlər”.
İcraçı direktor hesab edir ki, BOKT-larla bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var: “İlk dəfə mikromaliyyə qurumları 1996-cı ildə, rayonlarda fəaliyyətə başlayıb. Onların bir çoxunun baş ofisi Bərdə, Gəncə, Naxçıvan kimi yerlərdə olub. Çünki əsas hədəf bölgələrdə olan insanların maliyyə resurslarına çıxışı idi. Bu gün görürük ki, bir çox banklar likvidlik olduğu halda müştəri tapa bilmir. Bu, ona görə baş verir ki, mikromaliyyə təşkilatlarının fəaliyyət çərçivəsi 1996-cı ildən bəri çox dəyişməyib. Burda maraqlı məsələ növbəti addımın nədən ibarət olacağıdır. Mikromaliyyə təşkilatları haqqında hazırkı qanun köhnəlib. İndi rəqəmsal dövrdür, bütün sahələrdə olduğu kimi maliyyə qurumlarının da fəaliyyət çərçivəsini müəyyənləşdirən qanunvericiliyin təkmilləşdirilməsi, modernləşdirilməsi və dövrün tələblərinə uyğunlaşdırılması vacibdir".
Milli Məclisin deputatı Vüqar Bayramlı isə deyir ki, ölkədə BOKT-ların sayı artsa da, banklar kreditləşmədə hələ də, dominant mövqedədir və onlarla rəqabət aparmaq asan deyil: BOKT-ların sayının artması həm kredit faizlərinə təsir göstərər, həm də kreditlərin təklifi coğrafiyasının artmasına gətirər".
“Banklar regional maliyyələşdirmədə çox da maraqlı görünmür. BOKT-ların isə böyük bir qismi regionlarda fəaliyyət göstərir. AMB-nin məlumatına görə, hazırda bankların verdiyi kreditlərin 78 %-i və yaxud 12 milyard 104 milyon manatı Bakının payına düşüt. Deməli bölgələr ümumi kredit portfelinin 22 %-dən faydalana bilər. BOKT-ların sayında artım olsa da, onların kredit portfeli cəmi 418 milyon manatdır. Bu, ümumi kredit portfelinin 2,6 %-ni təşkil edir. Bu ondan xəbər verir ki, banklar kreditlərin təklif edilməsində dominant mövqeyini qoruyub saxlayır”.
Onun sözlərinə görə, BOKT-larda kredit prosedurlarının banklarla müqayisədə daha az olması onların saylarının artmasına gətirib-çıxarır: “Ümumiyyətlə BOKT-ların sayının artması müsbət haldır. Bu tip qurumların çox olması həm kredit faizlərinə təsir göstərər, həm də kreditlərin təklifi coğrafiyasının artmasına gətirər. Digər tərəfdən BOKT-larla bağlı şərtlər banklarla müqayisədə xeyli yumşaqdır. Bu da BOKT yaratmağı daha da asanlaşdırıb. Amma banklarla bağlı şərtlər, xüsusən də nizamnamə kapitalı ilə bağlı şərtlər kifayət qədər yüksəkdir. Həmin şərtlərə əməl etməyən banklar müflis olur. Onların öhdəlikləri də kifayət qədər böyükdür. Proses göstərir ki, BOKT-ların xüsusən bölgələrdə sayının və onların təklif etdiyi kreditlərin həcminin artmasını müşahidə edəcəyik. Amma yenə də kredit portfelində növbəti illərdə də banklar aparıcı mövqeyini qoyurub saxlayacaq”.
İqtisadçı ekspert Cəfər İbrahimli də bank yaradılması üçün şərtlərin çətin olduğunu ön plana çəkir: “2015-ci ildən sonra ölkədə bank yaradılması ilə bağlı şərtlər çətinləşdirilib. Bankların da bir müddət mənfəətləri az, problemli kreditlərinin həcmi isə çox oldu. Bu sahənin mənfəətliliyi o qədər də qaneedici olmadığı üçün yeni bank qurulması uyğun hesab edilmir. Şərtlər çətin olduğu üçün sahibkarlar bu şərtlərə cavab verə bilmir və ona görə də yeni bank açılmır. Amma mövcud iqtisadi şəraitdə ölkədə kifayət qədər bank var”.
Ekspert qeyd edib ki, BOKT-ların portfeli kiçik həcmli olduğu üçün onlarda operativ idarəetmə daha rahatdır və aktivlər üzərində daha ciddi nəzarət təmin edilir: “BOKT-ların iqtisadiyyat üçün ciddi bir riskləri yoxdur. Onların kənardan depozit cəlb etməsinə məhdudiyyət var və mikromaliyyə qurumları əhalinin vəsaitləri üçün risk yaratmır. BOKT-ların çoxu regionlarda fəaliyyət göstərir və kənd təsərrüfatı sektorunu maliyyələşdirir. Bu səbəblərdən BOKT-lara lisenziyalar daha çox verilir”.