Azərbaycanda banklar rəqəmsallaşma prosesində MDB-nin digər ölkələrindən geri qalır. FED.az xəbər verir ki, “Moody`s” Beynəlxalq reytinq agentliyinin analitikləri belə hesab edirlər.
“Azərbaycanda plastik kartlar üzrə dövriyyə əhalinin gəlirlərinin təxminən 6%-ni təşkil edir və bu göstərici üzrə ölkə MDB-də yalnız Tacikistanı qabaqlayır. Onlayn bank hesablarının sayı isə ümumi hesabların sayının cəmi 7%-ni təşkil edir, bu da MDB ölkələri arasında ən pis göstəricidir”, - agentliyin MDB ölklərinin bank sektorlarının rəqəmsallaşmasına dair hesabatda deyilir.
Eləcə də bax: 20 bankın qeyri-faiz xərcləri artıb - SİYAHI
Agentliyin məlumatına əsasən, həmçinin Azərbaycan mobil rabitənin yayılması üzrə regionun digər ölkələrindən bir qədər geridə qalır. “Əgər MDB ölkələri arasında hər 100 nəfərə orta göstərici 136 SIM-kart təşkil edirsə, Azərbaycanda bu göstərici hər 100 nəfərə 103 nömrə təşkil edir. MDB ölkləri arasında Azərbaycan bu göstərici üzrə Moldova, Tacikistan və Özbəkistanı geridə qoyur”, - hesabatda vurğulanır.
Eyni zamanda, “Moody`s”in məlumatına görə, İnternetin yayılması üzrə Azərbaycan MDB ölkələrini mühüm dərəcədə geridə qoyur - əhalinin 79%-i İnternet şəbəkəsi istifadəçisidir, baxmayaraq ki, MDB üzrə orta göstərici 68% təşkil edir. Bu göstərici üzrə Azərbaycan MDB ölkələri arasında birinci yerdədir.