Azərbaycanlı bankir, «Unibank» kommersiya bankının sahiblərindən biri Eldar Qəribov Malta vətəndaşlığı alıb. FED.az Malta mətbuatına istinadən xəbər verir ki, 2016-cı ildə 2200 nəfər Malta vətəndaşlığı alıb. Malta mətbuatı bunlardan məşhurlarının adını açıqlayıb. Onların arasında Səudiyyə Ərəbistanı şahzadələri, rus və ərəb milyarderləri, Pakistan və Keniya vətəndaşlrı var.
FED.az-ın məlumatına görə, adları çəkilən şəxslər Malta vətəndaşlığını Fərdi İnvestor Proqramının (FİP) iştirakçısı olaraq, yəni Malta iqtisadiyyatına ölkəyə müəyyən məbləğdə investisiya yatıraraq alıblar.
«Unibank»ın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından olan Eldar Qəribov bankda 42% paya malikdir və bir qədər əvvəl baş verən səhm bölgüsündə payını daha da artırıb. Qeyd edək ki, Malta (deməli, həm də Avropa İttifaqı) vətəndaşı olmaq investorlara təqribən 1,15 milyon avroya başa gəlir.
Eləcə də bax: «Unibank»dan «cek pot» - PAYLAR DƏYİŞDİ
Malta vətəndaşlığı alanlar arasında bir sıra maraqlı şəxslər də var. Diqqəti çəkən odur ki, həmin şəxslərdən bəziləri öz ölkəsində və ya digər ölkələrdə problemləri olan şəxslərdir. Malta vətəndaşlığı alanlar arasında Rusiyanın məşhur kiber təhlükəsizlik firması olan «Kasperski Laboratoriyası»nın təsisçilərindən biri olan Aleksey De-Monderik var. Xatırladaq ki, bir qədər əvvəl ABŞ bu firmanın Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığından şübhələnərək onun məhsullarını qadağan edib.
Siyahıda ən maraqlı şəxslərdən biri Səudiyyə şahzadəsi Şeyx İbrahim Valid Əlibrahimdir.
Şahzadə həm də ərəb dünyasının məşhur yayım şirkəti sayılan Yaxın Şərq Yayım şirkətinin (MBC) sahibidir. Bu şirkət bütün yaxın Şərqdə çoxsaylı tele-radio və xəbər portallarına malikdir. Şahzadə bir qədər əvvəl Səudiyə Ərəbistanında baş verən korrupsiya qalmaqalında həbs olunmuş, yalnız tələb olunan məbləği ödədikdən sonra azad edilmişdi.
Eləcə də bax: "Cəngavər" olmaq neçəyədir? - MALTADA ƏMLAK
Siyahıda KPMG auditor şirkətinin Səudiyyə filialının rəhbəri Abdulla Əl Fozan, eləcə də Səudiyyə Ərəbistanının «Zamil Group» investisiya şirkətinin direktorları Ədib, Fəxad, Taufik və Valid Abdulla Əl-Hamad Əl-Zamil də var. Bunlardan başqa, Malta vətəndaşlığı alanlar arasında Pakistan, Livan, BƏƏ, Keniyadan olan milyarderlər, eləcə də məşhur rus milyarderi Dmitri Rıbolovyevin qızı və keçmiş arvadı da var.
Azərbaycanda bank sahibi Malta vətəndaşlığı alıb
04:20
4 Yan 2018