Azərbaycanda bank restoranlara verdiyi krediti geri ala bilmir.
FED.az xəbər verir ki, “Ziraat Bank Azərbaycan”nın ictimai iaşə (restoran) və turizm sektoruna ayırdığı bütün kreditlər problemə çevrilib.
Belə ki, bu ilin 9 ayının nəticələrinə görə, “Ziraat Bank Azərbaycan” ümumilikdə 119 milyon 836 min manat kredit verib. Bank İctimai iaşə və turizm sektoruna isə 4 milyon 122 min manat kredit verib. Bankın bu sahəyə verdiyi kreditlərin hamısı vaxtı keçmiş kreditlər sırasına daxil olub.
Ümumilikdə “Ziraat Bank Azərbaycan” ən çox krediti tikinti və ticarət sektoruna verib. Belə ki, tikinti sektoruna 26 milyon 576 min manat, ticarət sektoruna isə 26 milyon 378 min manat kredit ayrılıb. Ticarət sektoruna verilən kreditlərdə problem olmasa da, bankın tikinti sektoruna verdiyi kreditlərin 449 min 291 manatını (1,7%) vaxtı keçmiş kreditlər təşkil edib.
Bankın verdiyi istehlak kreditlərinin həcmi 17 milyon 184 min manat təşkil edib. Bu sahəyə verilən kreditlərin 25 min 804 manatı vaxtı keçmiş kreditlər olub.
Eləcə də bax:Abşerondan kənara çıxmayan bankın - PROBLEMLİ KREDİTLƏRİ MƏLUM OLDU
Bankın vaxtı keçmiş kreditlərinin olduğu digər bir sahə isə kənd təsərrüfatı və emal sektoru olub. Bankın bu sahəyə verdiyi 2 milyon 682 min manat kreditin 850 min manatının (32,7%) vaxtı keçib.
Qeyd edək ki, ümumilikdə bank 11 adda sahəyə kredit verib ki, bunun da 4-də vaxtı keçmiş kreditlər olub.
Ümumilikdə bankın vaxtı keçmiş kreditlərinin məbləği 5 milyon 447 min manat təşkil edib ki, bu da bankın ümumi kredit portfelinin 5%-dir.