Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayının sonunda ötən aya nəzərən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib.
Son 1 ildə 2 500-dən çox şəxs bank sektorunda - İŞƏ BAŞLAYIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 20.1%, kredit kartları üzrə 26.6% təşkil edib.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1,7 milyon ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb. 2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 524 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 908 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 613 milyon manatı POS-terminallar, 2.4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 47.4%-ni təşkil edib.
Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunub. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.2%, POS-terminalların sayı 27% artıb. (Marja)