Azərbaycanda fəaliyyət göstərən daha bir bankın maliyyə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, ölkəmizdəki yeganə İran bankı - Bank Melli İranın Bakı filialı 2020-ci ilin 3-cü rübün nəticələrini açıqlayıb.
Hesabata əsasən, ilk 9 ayda İran bankının faiz gəlirləri 1,94 milyon manat (8% azalıb), faiz xərcləri 181 min manat (2,2 dəfə artıb), xalis faiz gəliri 1,76 milyon manat (13,3% azalıb) təşkil edib.
İlk 9 ayda İran bankının xarici valyuta əməliyyatları üzrə gəlirləri 43% azalaraq 339 min manata enib. Haqq və komissiya gəlirlıəri isə 16,5% azalaraq 106 min manata düşüb.
Hesabat dövründə İran bankının inzibati xərcləri 27% artaraq 1,23 milyon manata yüksəlib.
Nəticədə bank bu dövrü 905 min manat vergidən əvvəlki mənfəətlə başa vurub. 6,2 min manat vergi ödənişini çıxandan sonra bankın xalis gəliri 898 min manat təşkil edib.
Ötən ilin eyni dövrünüu isə bank 19,3 milyon manat zərərlə başa vurmuşdu.
Bu il ərzində İran bankının ən böyük uğuru – aktivlər üzrə mümkün zərərlər üçün böyük ehtiyat yaradılmasının dayanması olub. Ötən il İran bankı bu məqsədlə nəhəng məbləğ - 21 milyon manat ayırmışdı və bu hissə bankın bütün hesabatını və maliyyə göstəricilərini pisləşdirmişdi. İndi isə bu göstərici cəmi 153 min manata enib.
İlin əvvəlindən indiyədək İran bankının aktivləri və öhdəlikləri azalıb.
Aktivlər 12,7% azalaraq 86,2 milyon manata enib.
Aktivlərin azalması nağd vəsaitlərin məbləğinin 19% azalaraq 60 milyon manatdan 49 milyon manata düşməsi ilə bağlıdır.
Əvəzində bu dövrdə bankın kredit portfeli 28% artaraq 5,4 milyon maneata çatıb.
Bankın öhdəlikləri isə 21,4% azalaraq 48,8 milyon manata enib.
Bu dövrdə bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 11 milyon manat azalaraq 20,7 milyon manata, müştəri hesablarındakı vəsatilər isə 1,3 milyon manat azalaraq 9,6 milyon manata enib.
Bankın kapitalı ilə bağlı problem hələ də qalmaqdadır- İran bankının cəmi kapitalının həcmi AMB-nin 50 milyonluq tələbindən aşağıdır – 37,5 mmilyon manat. Baxmayaraq ki, ilin əvvəlindən bu göstərici yarım milyon manat artıb.