Dünyanın ən məşhur auditor şirkətlərindən olan KPMG Böyük Britaniyada cəzalandırılıb. FED.az xəbər verir ki, bu barədə məşhur vəkil, ləğv edilmiş Bank Standardsy Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
İngiltərənin maliyyə hesabatlığı üzrə tənzimləyicisi “böyük dördlüyə” daxil olan KPMG audit şirkətini və onun partnyoru Maykl Baradeli müvafiq olaraq 3 mln. və 80 000 funt sterlinq məbləğində cərimələyib. Səbəb budur ki, KPMG etik standartları pozaraq auditoru olduğu “Ted Baker” şirkətinə eyni zamanda məhkəmədə ekspert xidmətlərini də göstərib və bununla da müstəqilliyini şübhə altına qoyub.
Xatırladıram ki, bir neçə ay öncə İngiltərənin maliyyə hesabatlığı üzrə tənzimləyicisi KPMG-nin xidmət keyfiyyətini qeyri-qənaətbəxş hesab edərək vurğulamışdır ki, KPMG-nin əsas məramı işinin keyfiyyəti deyil, daha çox qazanc əldə etməkdir. Görünən odur ki, İngiltərədə KPMG-nin fəaliyyəti ciddi şəkildə təftiş olunmağa davam edir.
Onu da xatırladıram ki, KPMG ölkə tariximizdə ən iri müflis şirkətlərin (“Bank Standard” və “Texnika Bank”) auditoru olub. “Bank Standard”ın əmanətçiləri KPMG-ni qeyri-dürüst audit aparmaqda ittiham edərək ona qarşı Nəsimi rayon məhkəməsində iddia da qaldırıblar. Əmanətçilər KPMG-dən onlara vurulmuş zərərin (təxmini 47 mln. ABŞ dolları) əvəzini tələb edir. Yeri gəlmişkən, “Bank Standard” müflisləşəndən sonra KPMG onun əmlakının qiymətləndiricisi kimi də çıxış edib və kreditorların fikrincə, bununla etik standartları pozub.
Xarici İşlər Nazirliyimizin məlumatına əsasən KPMG işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən "Artsakhbank" adlı erməni bankına da audit xidməti göstərib.