2020-ci ildə nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi Azərbaycan Mərkəzi Bankının (AMB) fəaliyyətinin prioritet istiqamətlərindən olacaq.
FED.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Eləcə də bax:Sığorta şirkətlərində yoxlamalar başlayacaq – MƏRKƏZİ BANK AÇIQLADI
Qeyd olunur ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq ölkədə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və ölkədə nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyət davam etdiriləcək. Bu sahədə həyata keçiriləcək ən mühüm layihələrdən biri "Ani ödəniş sistemi”nin yaradılması olacaq. Bu sistemin yaradılması ilə biznes strukturları, fiziki şəxslər və dövlət orqanları arasında hesablaşmaların məkanından və zamanından asılı olmayaraq 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması mümkün olacaq.
Ödəniş xidmətləri üzrə tənzimləyici çərçivənin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi işləri də 2020-ci ildə davam etdiriləcək. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun və ondan irəli gələn hüquqi aktların qəbulu istiqamətində işlər görüləcəkdir. Rəqəmsal ödənişlər sahəsində tənzimləyici test rejiminin tətbiqi imkanları qiymətləndiriləcək və "Baza bank xidmətləri paketi” layihəsi təşviq olunacaq. Ödəniş ekosistemində yerli və beynəlxalq maliyyə institutlarının fəaliyyətinin təhlili, tətbiq edilən məhsulların qiymətləndirilməsi aparılacaq. Maliyyə inklüzivliyinin inkişafı üzrə yeni metodların tətbiqi, o cümlədən agent bankçılıq və ödəniş agenti şəbəkəsinin formalaşdırılması, bank olmayan ödəniş xidməti təchizatçılarının assosiasiyasının yaradılması nəzərdə tutulur. Rəqəmsal bankçılıq və rəqəmsal ödəniş texnologiyaları sahəsində innovativ həllərin tətbiqi, risklərin daha operativ idarə edilməsi məqsədi ilə tənzimləyici çərçivədə zəruri dəyişikliklər aparılacaq. Məsafəli bank xidmətlərinin tətbiqinin genişləndirilməsi təşviq olunacaq.
Müasir ödəniş sistemlərinin yaradılması ilə bərabər ümumi texnoloji inkişaf məsələləri də diqqətdə saxlanılır. AMB ölkədə pilot olaraq ilk dəfə Blokçeyn texnologiyasına əsaslanan və bank sektorunun inkişafı üçün mühüm olan Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsini həyata keçirməkdədir. Layihə nəticəsində müştəri-bank münasibətlərinin rəqəmsallaşması məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılması üzrə biznes proseslər avtomatlaşacaq. Eyni zamanda, 2020-ci ildə innovativ maliyyə texnologiyalarının tətbiqinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə açıq bankçılıq prinsip və standartlarının yaradılması prioritet olaraq seçilib.
İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bütün dünyada olduğu kimi, Azərbaycanda da kiber təhlükəsizlik məsələlərini aktuallaşdırır. Bununla əlaqədar AMB tərəfindən kiber təhdidlərə qarşı adekvat tədbirlərin görülməsi 2020-ci ildə də təmin ediləcək.
Elektron ödəniş xidmətlərinin istifadəsi üzrə maarifləndirmə səviyyəsinin yüksəldilməsi istiqamətində səylər gücləndiriləcək. Aidiyyətı dövlət qurumları ilə əməkdaşlıqda tədris müəssisələrində şagird və tələbələrə elektron ödəniş xidmətlərindən istifadə üzrə zəruri biliklərin öyrədilməsi istiqamətində işlər davam etdiriləcək.
Ümumilikdə, AMB qarşıdakı strateji dövrdə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının gücləndirilməsinə, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətlərində qarşıya qoyulan prioritetləri vaxtında reallaşdırmağa çalışacaq