Azərbaycanda fiziki şəxslər üçün gündəlik valyuta dəyişmə məbləği üçün limit və şərtlər müəyyən edilib.
FED.az xəbər verir ki, bu Azərbaycan mərkəzi Bankının idarə heyətinin təsdiqlədiyi «Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası»ndə nəzərdə tutulur.
Qaydalara əsasən bir müştəriyə 500 dollardan artıq məbləğdə valyuta satılması, eləcə də bir müştəridən 10 000 dollardan artıq vəsaitin alınması zamanı müştərinin şəxsiyyətini təsdiqləyən sənəd tələb olunacaq.
Eyni zamanda qaydaya görə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 000 manat və ona ekvivalent məbləğdən (ABŞ dolları ilə indiki məzənnə ilə təqribən 12000 dollar – FED.az) artıq olmamalıdır.
Qaydaya əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında təqvim ili ərzində 20 000 (iyirmi min) manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.