Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-i bu ilin I yarısında xüsusi ehtiyatlara vəsait ayırmayıb.
FED.az xəbər verir ki, bunlar “Azərbaycan Sənaye Bankı”, “Express Bank”, “Bank Respublika”, “AFB Bank”, “Bank VTB Azərbaycan” və “Bank of Baku” ASC-lər, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Bank of Baku”da (5,672 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (25 min manat) qeydə alınıb.
Qalan 18 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Onlardan 5-də bu göstərici 7 milyon manatdan çoxdur. Həmin banklar “Kapital Bank” (60,744 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (35,372 milyon manat), “PAŞA Bank” (9,114 milyon manat), “Unibank” (8,217 milyon manat) və “Muğan Bank” (7,562 milyon manat) ASC-lərdir.
Qalan 13 bankdan 9-da xüsusi ehtiyatlara ayırmaların məbləği 1-7 milyon manat arasında, 4 bankda isə 1 milyon manatdan azdır. (Renkinq)