2025-ci ilin üçüncü rübünün yekunlarına əsasən, Azərbaycan banklarının biznes kredit portfelinin həcminə görə yeni reytinq cədvəli məlum olub.
FED.az xəbər verir ki, bankların 30 sentyabr 2025-ci il tarixinə olan maliyyə hesabatları sektorun liderlərini və "milyardlar klubu"nun üzvlərini müəyyən edib.
Reytinqə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 3 milyard 276 milyon 889 min manatlıq biznes kredit portfeli ilə başçılıq edir. İkinci yerdə 3 milyard 21 milyon 67 min manatla “PAŞA Bank” ASC qərarlaşıb. İlk üçlüyü isə 1 milyard 702 milyon 702 min manatla “Kapital Bank” ASC tamamlayıb.
Siyahıya əsasən, ölkənin 5 bankının biznes kredit portfeli 1 milyard manatı ötüb. Yuxarıda qeyd olunan üç bankla yanaşı, “Bank Respublika” ASC (1 milyard 69 milyon 567 min manat) və “Xalq Bank” ASC (1 milyard 64 milyon 621 min manat) da bu klubun üzvləridir.
Milyardlıq həddə yaxınlaşan “AccessBank” QSC 995 milyon 797 min manatla altıncı yerdədir. Siyahıda sonrakı yerləri “Ziraat Bank Azərbaycan” ASC (670 milyon 998 min manat), “Yelo Bank” ASC (646 milyon 437 min manat) və “Unibank KB” ASC (509 milyon 487 min manat) tutur.
Portfeli 500 milyon manatdan az olan digər banklar arasında “Rabitəbank” ASC (431 milyon 216 min manat), “TuranBank” ASC (367 milyon 656 min manat), “Premium Bank” ASC (349 milyon 748 min manat), “Yapı Kredi Bank Azərbaycan” QSC (277 milyon 611 min manat), “Azərbaycan Sənaye Bankı” ASC (269 milyon 67 min manat) və “Azər Türk Bank” ASC (267 milyon 117 min manat) qərarlaşıb.
Siyahının davamında isə “Expressbank” ASC (182 milyon 78 min manat), “Bank of Baku” ASC (141 milyon 435 min manat) və “AFB Bank” ASC (123 milyon 727 min manat) yer alıb.