2025-ci ilin ilk doqquz ayının yekunları Azərbaycan bank sektorunda kredit portfelini ən sürətlə artıran bankları müəyyən edib.
FED.az xəbər verir ki, bəzi banklar bu dövrdə 30%-dən yuxarı artım templəri nümayiş etdirib.
Hesabat dövründə kredit portfelinin nisbi artımına görə lider “Ziraat Bank Azərbaycan” ASC olub. Bankın kredit portfeli doqquz ay ərzində 198 milyon 548 min manat artaraq 37,5%-lik möhtəşəm yüksəliş göstərib.
İkinci yerdə “Yapı Kredi Bank Azərbaycan” QSC qərarlaşıb. Bankın kredit portfeli bu dövrdə 116 milyon 539 min manat artaraq 36,7%-lik artım nümayiş etdirib. İlk üçlüyü isə 49 milyon 109 min manat və ya 26,8% artımla “AFB Bank” ASC tamamlayıb.
Kredit portfelini ikirəqəmli faizlə artıran digər banklar arasında “Bank of Baku” ASC (111 milyon 948 min manat artımla 14,7%), “Yelo Bank” ASC (118 milyon 848 min manat artımla 12,7%), “AccessBank” QSC (145 milyon 301 min manat artımla 12,6%) və “Rabitəbank” ASC (105 milyon 58 min manat artımla 12,4%) da var.
Siyahını davam etdirən “TuranBank” ASC portfelini 59 milyon 98 min manat (9,1%), “Unibank KB” ASC 100 milyon 312 min manat (8,7%), “Bank Respublika” ASC 105 milyon 265 min manat (7,2%) artırıb. Sektorun nəhənglərindən olan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC də portfelinə 451 milyon 749 min manat (7,1%) əlavə edərək yüksək artım nümayiş etdirib.
Daha mülayim artım templəri ilə seçilən banklar arasında “Expressbank” ASC (28 milyon 632 min manat və ya 5,7%), “Kapital Bank” ASC (220 milyon 851 min manat və ya 4,2%), “Bank VTB (Azərbaycan)” ASC (7 milyon 43 min manat və ya 3%), “Bank BTB” ASC (6 milyon 883 min manat və ya 2,4%), “Premium Bank” ASC (10 milyon 887 min manat və ya 2,3%) və “Azərbaycan Sənaye Bankı” ASC (5 milyon 445 min manat və ya 1,8%) qərarlaşıb.
Siyahının sonunda isə 35 milyon 137 min manat və ya 1,1%-lik artımla “PAŞA Bank” ASC yer alıb.