2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların öhdəliklərinin illik artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bir sıra bankların öhdəliklərində əhəmiyyətli artım müşahidə olunub.
Renkinqə "AFB Bank" ASC başçılıq edir. Bankın öhdəlikləri illik müqayisədə 58,4% artaraq mütləq ifadədə 127 milyon 323 min manat böyüyüb.
İkinci yerdə "Ziraat Bank Azərbaycan" ASC qərarlaşıb – burada artım 53,3% və ya 419 milyon 476 min manat olub.
"Bank of Baku" ASC 25,4% artım tempi ilə üçüncü sırada yer alıb (mütləq artım 198 milyon 126 min manat). "Bank Respublika" ASC-də isə öhdəliklər 25,2% və ya 498 milyon 277 min manat artıb və dördüncü olub.
Digər banklardakı artım göstəriciləri aşağıdakı kimidir:
"Rabitəbank" ASC-də 23,2% və ya 239 milyon 272 min manat, "Unibank KB" ASC-də isə 21,8% və ya 347 milyon 423 min manat artım qeydə alınıb.
"AccessBank" QSC və "Yelo Bank" ASC eyni artım göstəricisi (17,9%) ilə sıralanıb. Mütləq artım müvafiq olaraq 233 milyon 502 min manat və 203 milyon 107 min manat təşkil edib.
Mütləq ifadədə ən böyük artım "PAŞA Bank" ASC-də qeydə alınıb – 1 milyard 176 milyon 245 min manat. Faizlə artım isə 16,1% olub.
Siyahının sonrakı pillələrində "Expressbank" ASC (12,2% və ya 58 milyon 931 min manat), "Yapı Kredi Bank Azərbaycan" QSC (7,9% və ya 48 milyon 738 min manat) və "TuranBank" ASC (7,3% və ya 54 milyon 504 min manat) yer alıb.
Renkinqi "Bank Avrasiya" ASC (7,0%), "Azərbaycan Sənaye Bankı" ASC (6,0%), "Azər Türk Bank" ASC (4,7%), "Premium Bank" ASC (3,7%) və "Xalq Bank" ASC (3,3%) tamamlayır.












