2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən banklarda fiziki şəxslərin depozit portfelinin illik artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə əhalinin banklara etibarının artması fonunda depozit portfelində ciddi artımlar qeydə alınıb.
Renkinqə "AFB Bank" ASC başçılıq edir. Bankın əmanət portfeli illik müqayisədə 89,9% artaraq mütləq ifadədə 54 milyon 65 min manat böyüyüb.
İkinci yerdə "Rabitəbank" ASC qərarlaşıb – burada artım 36,7% və ya 169 milyon 593 min manat olub.
"Expressbank" ASC 28,4% artım tempi ilə üçüncü sırada yer alıb (mütləq artım 57 milyon 428 min manat). "Yelo Bank" ASC-də isə portfel 27,3% və ya 199 milyon 690 min manat artıb və dördüncü olub.
Digər banklardakı artım göstəriciləri aşağıdakı kimidir:
"Bank of Baku" ASC əmanət portfelini 25,1% (134 milyon 164 min manat) artırıb. Mütləq ifadədə ən böyük artım "Azərbaycan Beynəlxalq Bankı" ASC-də qeydə alınıb – 657 milyon 879 min manat. Faizlə artım isə 24,0% təşkil edib.
"Kapital Bank" ASC-də artım 20,9% (542 milyon 633 min manat), "Unibank KB" ASC-də isə 13,9% (132 milyon 638 min manat) olub.
Siyahının sonrakı pillələrində "AccessBank" QSC (10,6% və ya 85 milyon 705 min manat), "Azər Türk Bank" ASC (8,9% və ya 18 milyon 880 min manat) və "Bank Avrasiya" ASC (8,7% və ya 4 milyon 901 min manat) yer alıb.
Renkinqi "Bank VTB (Azərbaycan)" ASC (7,4%), "Azərbaycan Sənaye Bankı" ASC (7,1%), "TuranBank" ASC (6,1%), "Premium Bank" ASC (4,5%) və "PAŞA Bank" ASC (3,6%) tamamlayır.












