2025-ci ilin ilk doqquz ayının yekunları Azərbaycan banklarının depozit portfelinin artım dinamikasını göstərib.
FED.az xəbər verir ki, bir sıra banklar bu dövrdə depozit cəlbində ikirəqəmli artım templəri nümayiş etdirərək bazardakı mövqelərini gücləndiriblər.
Hesabat dövründə depozit portfelini nisbi olaraq ən sürətlə artıran bank “Bank of Baku” ASC olub. Bankın depozit portfeli doqquz ay ərzində 106 milyon 88 min manat artaraq 17,9%-lik yüksəliş göstərib.
İkinci yerdə “Rabitəbank” ASC qərarlaşıb. Bankın depozit portfeli bu dövrdə 115 milyon 694 min manat və ya 17,1% artıb. İlk üçlüyü isə 22 milyon 687 min manat və ya 15,6%-lik nəticə göstərən “Bank BTB” ASC tamamlayıb.
Bu dövrdə həmçinin “Expressbank” ASC (34 milyon 519 min manat artımla 13,2%), “Bank Respublika” ASC (167 milyon 266 min manat və ya 12,4%), “Yelo Bank” ASC (110 milyon 746 min manat və ya 11,9%) və “Ziraat Bank Azərbaycan” ASC (63 milyon 164 min manat və ya 11,2%) də ikirəqəmli artımla seçiliblər.
Bank sektorunun nəhənglərindən olan “PAŞA Bank” ASC portfelini 356 milyon 154 min manat (5,6%) artırıb.
Siyahının davamında “AFB Bank” ASC (6 milyon 812 min manat və ya 5,1%), “Unibank KB” ASC (27 milyon 443 min manat və ya 2,3%), “Azərbaycan Sənaye Bankı” ASC (8 milyon 569 min manat və ya 1,8%) və “AccessBank” QSC (18 milyon 624 min manat və ya 1,8%) qərarlaşıb.
Ən mülayim artım isə “Premium Bank” ASC (642 min manat və ya 0,2%) və “Bank Melli İran”ın Bakı filialında (31 min manat və ya 0,1%) qeydə alınıb.