2025-ci ilin ilk doqquz ayında Azərbaycan banklarının fiziki şəxslərin depozitlərini cəlb etmə dinamikası məlum olub.
FED.az xəbər verir ki, bu dövrdə bir sıra banklar əhali əmanətlərini cəlb etməkdə ikirəqəmli artım templəri nümayiş etdirərək bazardakı mövqelərini gücləndiriblər.
Hesabat dövründə fiziki şəxslərin depozitlərini nisbi olaraq ən sürətlə artıran bank “Expressbank” ASC olub. Bankın portfeli doqquz ay ərzində 52 milyon 175 min manat artaraq 25,8%-lik yüksəliş göstərib.
İkinci yerdə “AFB Bank” ASC qərarlaşıb ki, onun portfeli 12 milyon 580 min manat və ya 20,9% artıb. İlk üçlüyü 148 milyon 552 min manat və ya 20,3% artımla “Yelo Bank” ASC tamamlayıb.
Bu dövrdə həmçinin “Bank of Baku” ASC (103 milyon 708 min manat və ya 19,4%), “Rabitəbank” ASC (88 milyon 901 min manat və ya 19,2%) və sektorun nəhənglərindən olan “Kapital Bank” ASC (498 milyon 357 min manat və ya 19,2%) də yüksək artım templəri göstəriblər.
Siyahıda ikirəqəmli artım nümayiş etdirən digər iri bank isə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dir ki, onun da portfeli 400 milyon 557 min manat artaraq 14,6%-lik yüksəlişə nail olub.
Daha mülayim artım nümayiş etdirən banklar arasında “Bank VTB (Azərbaycan)” ASC (6 milyon 728 min manat və ya 9,6%), “AccessBank” QSC (53 milyon 273 min manat və ya 6,6%), “Azərbaycan Sənaye Bankı” ASC (16 milyon 890 min manat və ya 5,8%), “TuranBank” ASC (19 milyon 461 min manat və ya 5,3%), “Unibank KB” ASC (49 milyon 6 min manat və ya 5,1%), “Premium Bank” ASC (10 milyon 36 min manat və ya3,4%) və “Bank BTB” ASC (3 milyon 584 min manat və ya 2,6%) qərarlaşıb.













