«Banklar kreditlərin təminatı ilə bağlı problemlərlə tez-tez rastlaşırlar. Çünki hər hansı layihələrə kredit ayrıldıqda, bu kreditlər adətən uzunmüddətli olur: 3 il, 5 il, 7 il, 8 il, hətta 10 il. Buna görə də gələcəyi əvvəlcədən tam proqnozlaşdırmaq mümkün olmadığından, kreditin müəyyən hissəsinin təminat altına alınması zəruri olur».
Azərbaycanla Türkiyə arasında azad ticarət sazişi imzalana bilər - NAZİRDƏN AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı bildirir ki, bu sözləri Bakıda keçirilən "II Azərbaycan Türkiyə İnvestisiya Forumu"nda Ziraat Bank Azərbaycan ASC-nin idarə heyətinin sədri Selçuk Demir deyib.
O, qeyd edib ki, Banklar belə hallarla tez-tez rastlaşırlar və investorlar təminat yaratmaqda çətinlik çəkirlər: "Banklar da risklərin idarə olunması baxımından planlamanı sağlam aparmaq üçün bilməlidir ki, kreditin hansı hissəsi təminatlı və təminatçızdır. Bu, bankın risk keyfiyyəti və aktivlərin keyfiyyəti baxımından son dərəcə vacibdir. Ona görə də banklar təminat tələb etmək məcburiyyətində qalırlar».
Bank sədri bildirib ki, «Ziraat Bank Azərbaycan» ASC bu problemin həlli üçün fərqli yanaşma tətbiq edib:
«Məsələn, Azərbaycanda investisiya etmək istəyən türk iş adamlarının Türkiyədəki daşınmaz əmlaklarını və ya təqdim etdikləri təminatları kreditin təminatı kimi qəbul edə bilirik və bu əsasda kredit veririk. Digər bankları deyə bilmərəm, amma bizim bankın Türkiyədə də fəaliyyəti olduğu üçün bunu edə bilirik».
Bank sədri bildirib ki, bu modeli azərbaycanlı iş adamları ilə tətbiq etdikdə ciddi problem yaranmır. «Qarşılaşdığımız çətinliklər daha çox investisiyanın həcmi ilə bağlı olur — yəni həmin böyüklükdə təminat yaradıla bilmədikdə. Belə hallarda fondun zəmanəti və ya qismən investorun öz vəsaiti ilə bu ehtiyac qarşılanır. Bu günə qədər təminat səbəbindən verə bilmədiyimiz kreditlərin sayı ümumi portfelimizdə iki faizdən də aşağıdır».












