Ölkəmizin ən geniş ATM şəbəkəsinə malik bankı olan Azərbaycan Beynəlxalq Bankı yeni nəsil ATM-lərin quraşdırılmasına başlayıb. Bu qurğuların Azərbaycanın bank sektorundakı əsas yeniliyi NFC funksiyasına malik olmasıdır. Bu isə o deməkdir ki, müştəri təmassız ödəniş kartı, ödəniş üzüyü, mobil telefonu vasitəsilə də həmin ATM-lərdə əməliyyatlar edə bilər.
Eləcə də bax: Beynəlxalq Bank Türkiyədən Azərbaycana - HƏKİMLƏR GƏTİRİB
FED.az xəbər verir ki, bu ödəniş vasitələrini ATM-ə sadəcə yaxınlaşdırmaqla müxtəlif əməliyyatları təmassız həyata keçirmək, o cümlədən balansdakı qalığı öyrənmək, hesaba mədaxil etmək və vəsaiti nağdlaşdırmaq da olar.
Ölkəmizdə ağıllı ödəniş cihazları, o cümlədən ödəniş üzükləri vasitəsilə ATM-lərdən istifadə indiyədək mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı ilk dəfə bu yeniliyi tətbiq etdikdən sonra artıq bu, mümkün olacaq.
Yeni ATM-lər vasitəsilə vəsaitləri cash-in qaydada kart hesabına keçirmək də mümkündür. Eyni anda 250 – 300 əskinası hesaba mədaxil etmək olur. Müştərilər manatla yanaşı, dollar və avro əskinaslarını da bu ATM-lər vasitəsilə müvafiq hesablarına cash-in qaydada daxil edə bilərlər.
Yeni ATM-lər Bakı və regionlardaki filiallarla yanaşı, müştərilərin sıx olduğu ərazilərdə və partnyor şəbəkələrində də quraşdırılacaq.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.