Azərbaycanda əhalinin banklara münasibəti və bank xidmətlərindən razılıq səviyyəsi məlum olub.
Eləcə də bax: Azərbaycan əhalisinin 1/3-i bankdan - Kredit Götürmək İstəmir
FED.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin əhali arasında keçirdiyi sorğunun nəticələrini elan edib.
Sosial Tədqiqatlar Mərkəzi Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətini icra etməklə yanaşı, ölkədə baş verən ictimai-siyasi, iqtisadi, mənəvi və digər sahələrdə baş verən prosesləri, yeni tendensiyaları öyrənməyə davam edir, mühüm sahələrdə yaşanan yeni dəyişmələr haqda sorğular keçirir, ictimai rəyi ölçür və ictimaiyyətə, müvafiq hökumət qurumlarına açıq və qapalı arayışlar təqdim edir.
STM növbəti dəfə Azərbaycan kredit bazarına dair vətəndaş rəyini öyrənib.
Sosial Tədqiqatlar Mərkəzi 24 Avqust - 6 Sentyabr 2021-ci il tarixlərində ölkə miqyasında əhali arasında kreditlərlə bağlı telefon sorğusu keçirib. Sorğuda 1069 respondent iştirak edib. Sorğuda əminlik intervalı 95.0%, statistic xəta əmsalı 3.0% təşkil edib.
Kredit müraciətlərinin yer aldığı sorğuda iştirak edən respondentlərin 53.0%-i (563 respondent) son 3 il ərzində kredit əldə etmək üçün müraciət edib. Rəyi öyrənilənlərin demək olar ki, üçdə bir hissəsi kreditin ehtiyaclarını qarşılayacağını düşünmədiyi üçün son 3 il ərzində bank kreditlərinə müraciət etməyib. 19.5% və 18.1% isə müvafiq olaraq kredit ödənişlərinin edilməsi ilə bağlı risklərin yüksək olması və yüksək faiz dərəcələrinə görə ehtiyacı olmasına baxmayaraq müraciət etməyib.
Respondentlərdən sonuncu kredit müraciətinin növünü soruşduqda, istehlak (avtomobil, məişət əşyaları, elektron cihazlar və s.) kreditləri edilmiş müraciətlər arasında ilk mövqedə dayanır (72.8%). Təyinat cəhətdən isə, ev təmiri (24.2%) daha geniş yayılıb. Son 3 ildə istifadə edilmiş kreditlərin təyinatına gəlincə isə, 68.1% respondent istehlak kreditlərini qeyd edib.
Diaqram 1.
Kreditlərin miqdarı və faiz dərəcələrinə münasibətdə məlum olur ki, ikredit üçün müraciət edilmiş bank və ya təşkilatların sıralamasına gəlincə, Kapital Bank (28.4%), Unibank (9.8%) və Bank of Baku (8.9%) ilk üç mövqedə qərarlaşıb.
Kredit müraciətləri uğurlu olanların əksəriyyəti (89.4%) götürdükləri kredit üzrə faiz dərəcələrinin bu və ya digər dərəcədə yüksək olduğunu qeyd edib (müvafiq olaraq 45.5% “çox yüksəkdir”, 33.9% “əsasən yüksəkdir”).
Respondentlər arasında 1001-5000 manat aralığında olan məbləğlər üçün kredit müraciəti edənlər üstünlük təşkil edir (56.2%). 501-1000 manat üçün isə analoji göstərici 16.6% təşkil edib. Cəmi 20 respondent dollarla kredit götürmək üçün müraciət edib. Müraciətlərin nəticələrinə gəlincə isə, 55.6% respondentə 1001-5000 manat aralığında müvafiq məbləğlərlə kredit ayrılıb.
Diaqram 2.
Kredit ödənişlərinə dair ümumi münasibətdə görə bilərik ki, kredit müraciətləri uğurlu olanların 60.2%-in hazırda kredit borcu var ki, onların da əksəriyyətinin aylıq ödənişi 500 manatdan aşağıdır. Aylıq kredit ödənişi edənlərin üçdə iki hissəsi ödənişlərin edilməsində müxtəlif dərəcələrdə çətinlik çəkir. Belə ki, kreditlərin ödənişində respondentlərin 29.5%-i çox, 39.5%-i müəyyən qədər çətinlik çəkdiyini bildirib. 31% isə çətinlik çəkmədiyini bildirib.
Respondentlərin daha çox hissəsi ödənişlərin edilməsində müxtəlif dərəcələrdə çətinlik çəksələr də, yalnız 26.3%-in kreditinin ödənişi üzrə gecikməsi olub. Qeyd edək ki, 2021-ci ilin 1 iyun tarixində Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 906,9 mln. manat təşkil edib.
Respondentlər arasında son 1 ildə xidmətlərindən ən çox istifadə edilən banklar kimi Kapital Bank (38.4%), Azərbaycan Beynəlxalq Bankı (14%) və Unibank (5.4%) diqqət çəkir.
Diaqram 3.
Bank xidmətlərindən məmnuniyyətə gəldikdə, kredit müraciətləri edən respondentlərin demək olar ki, yarısı (47%) bankın/təşkilatın müştəri xidmətlərindən bu və ya digər dərəcədə razı qalmayıb. 53% isə müxtəlif dərəcələrdə razı qalıb. Nəzərə çatdırmaq istərdik ki, bu sualda müştəri xidmətləri yalnız kreditin verilməsi ilə bağlı məsələlər yox, digər xidmətlər də (maliyyə məsləhətləri, korporativ bankçılıq, müştəriyə xidmət və s.) əhatə olunur.
Sorğuda iştirak edənlərin 73%-i bank və yaxud müvafiq kredit təşkilatlarının elektron xidmətlərindən istifadə etmir. İstifadə edənlərin, başqa sözlə 251 nəfər respondentin mütləq əksəriyyəti elektron xidmətlərdən müxtəlif səviyyələrdə razıdır. Demoqrafik cəhətdən isə, bankların elektron xidmətlərindən istifadə edənlərin 24.3%-i və 29.9%-i müvafiq olaraq 26-35 və 36-45 yaş qrupuna aiddir. Ümumiyyətlə, istifadəçilərin 70%-dən çox hissəsi 18-55 yaşındadır. Şəhər və qəsəbələrdə məskunlaşanların müvafiq olaraq 28% və 30%-i elektron xidmətlərdən istifadə edir. Kənd üçün analoji göstərici 14.7%-dir.
Sorğuda bir neçə sual isə bütün respondentlərdən - kredit müraciətləri edib-etməməsindən asılı olmayaraq – soruşulub. Rəyi öyrənilənlər arasında kreditlərin verilməsi ilə bağlı qoyulan şərtlərdən qane olmayanlar üstünlük təşkil edir. Belə ki, respondentlərin 36.7%-i bu şərtlərin onları heç qane etmədiyini, 24.0%-i əsasən qane etmədiyini bildirib. Respondentlərin əksəriyyətinin narazı qaldığı məqamlar faiz dərəcəsi (70.9%), təminat qismində zaminin tələb olunması (15.7%), gecikmələrə görə əlavə faizlərin hesablanması (8.5%), iş yerindən arayışın tələb olunması və s.-dir. Nəticələrdən də göründüyü kimi respondentlərin narazı qaldığı məqamlar içərisində faizlərin yüksək olması variantı digər cavab variantlarından dəfələrlə çoxdur.
Respondentlərin narazı qaldığı məqamların olması onların kreditə müraciət etməklə bağlı qərarlarına da təsirsiz ötüşmür. Seçmənin 60.5%-nin yaxın gələcəkdə kredit üçün müraciət etmək niyyəti yoxdur.
Bankların və yaxud müvafiq kredit təşkilatların kredit xidmətləri və kompaniyaları ilə bağlı məlumatların əldə edilmə mənbələri arasında banklardan SMS vasitəsi ilə gələn ismarışlar (25.7%), sosial şəbəkələr üzərindən bankların reklamları (22.1%) və TV/radio (14.4%) ilk üç mövqedə qərarlaşıb.
Diaqram4.