"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və Koreya Banklar Federasiyası (KFB) arasında bank sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
FED.az bu barədə ABA-ya istinadən xəbər verir.
Məlumata görə, bu gündən başlayaraq noyabrın 28-nə qədər ABA-nın nümayəndə heyəti Koreyada səfərdə olacaq. Səfər çərçivəsində Koreyanın aparıcı maliyyə qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfərin ilk günü ABA prezidenti Zakir Nuriyev və KFB sədri Cho Yong-byoung bank sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb. İmzalanma mərasimində ABA-nın icraçı direktoru Yunus Abdulov və Azərbaycan Mərkəzi Bankından nümayəndə də iştirak edib.
Sənəd bankçılıq sahəsində institusional tərəfdaşlığın gücləndirilməsini, qabaqcıl beynəlxalq təcrübə və informasiya mübadiləsinin genişləndirilməsini, rəqəmsal bankçılıq, FinTex və innovativ maliyyə texnologiyaları üzrə birgə təşəbbüslərin təşkili, eləcə də bank sektorunda qlobal təcrübələrin öyrənilməsi və ekspert mübadiləsini nəzərdə tutur. Sənəd tərəflər arasında birgə layihələrin icrası, təlim və seminarların təşkili, həmçinin qarşılıqlı əməkdaşlığın daha sistemli şəkildə həyata keçirilməsi üçün yeni imkanlar yaradır.
ABA nümayəndə heyətinin Koreyada səfəri davam edir və qarşıdakı iki gün ərzində maliyyə təşkilatları ilə əlavə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.










