"Azərbaycan Sənaye Bankı" 2026-ci ilin birinci rübünün yekunlarına dair hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, yanvar-mart aylarında bankın faiz gəlirləri 10 milyon 963 min manat təşkil edib. Bu, son bir ildə 1 milyon 724 min manat (18,7%) artım deməkdir – ötən il faiz gəlirləri 9,3 milyon manat idi.
Faiz gəlirlərinin 80-90%-i kredit faizlərindən ibarət olan əksər banklardan fərqli olaraq "Azərbaycan Sənaye Bankı"nin faiz gəlirlərində kredit faizləri 60%-ə də çatmır. Məsələn, 2026-cı ilin 1-ci rübündə təqribən 11 milyon manatlıq faiz gəlirlərinin 6,3 milyon manatı kredit faizlərinin payına düşüb – bu cəmi 57% deməkdir.
ASB öz vəsaitlərinin hissəsini başqa banklarda yerləşdirməyi xoşlayır, ona görə də faiz gəlirlərinin digər böyük hissəsi - 4,6 milyon manat və ya 42%-i depozit gəlirləridir.
Bu ASB-nin faiz xərcləri də artıb – bu il bank təqribən 6 milyon manat faiz xərci ödəyib, bu ötən illə müqayisədə 1,3 milyon maat və ya 28% artıqdır.
Bu artımın yalnız yarısı, 600 min manatı depozit faizlərinin payına düşüb – ötən il depozitlər üzrə 2,9 milyon manat faiz ödənilmişdisə, bu il bankda depoziti olanlara 3,5 milyon manat ödənilib.
Artımın digər hissəsi – ASB-də başqa bankların yerləşdirdiyi depozitlərə görə ödənişlərdir. Ötən il 1,4 milyon manat olan banklara faiz ödənişləri bu il 2,1 milyon manatdır.
Nəticədə rübün sonuna bankın xalis faiz gəliri 4 milyon 993 min manat olub – 400 min manat və ya 9% artım.
ASB bankın qeyri-faiz gəlirləri 4 milyon manat təşkil edib. Son bir il ərzində bu gəlirlərdə 182 min manat (4,8%) artım baş verib. Qeyri-faiz gəlirlərinin strkuturu demək olar dəyişməyib, sadəcə hesabların aparılmasından komissiyalar 20% azalaraq 650 min manatdan 520 min manata düşüb. Valyuta əməliyyatlarından gəlirlər də cüzi azalaraq 852 min manata düşüb.
Qeyri-faiz xərcləri isə 6,8 milyon manat təşkil edib, il ərzində 640 min manat (10,4%) artım qeydə alınıb. ASB-nin qeyri-faiz xərclərinin 3-də biri əmək haqlarına sərf edilir – 1-ci rübün sonunda bu rəqəm 2 milyon 442 min manat olub – 220 min manat artım var.
Bütün gəlir və xərcləri nəzərə aldıqda, 1-ci rübün sonuna ASB bankın əməliyyat mənfəəti 2 milyon 222 min manat olub, bu rəqəm ötən ildən təqribən 50 min manat azdır.
Bu il bank kredit itkiləri üçün ehtiyat ayırmalarına 237 min manat ayırıb. Bu, ötən ilkindən 2,2 dəfə və ya 127 min manat artıqdır.
Nəticədə ASB Bankın vergilərdən əvvəlki mənfəəti 1 milyon 986 min manat olub. 264 min manat mənfəət vergisi ödəniləndən sonra isə "ASB" 2026-cı ilin 3 ayını 1 milyon 722 min manat xalis mənfəətlə başa vurub. Bu ötən ildən 17 min manat və ya 1% azdır.
Yeri gəlmişkən, bank bu il mənfəət vergisini hələ tam ödəməyib, tam məbləğ 397 min manatdır, vergi tam ödənilsəydi, mənfəətin azalması daha ciddi hiss olunacaqdı.
2026-cı ildə ASB bank bir qədər böyüyüb, onun cəmi aktivləri 2025-ci ilin sonundakı 825 milyondan 2026-cı ilin mart ayının sonuna 886 milyon manata yüksəlib – 60 milyon manat və ya 7,2% artım. Böyümənin əsas səbəbi bankın kredit portfelinin və başqa banklardakı depozitlərinin artımıdır.
Belə ki, 1-ci rübün sonuna ASB-nin kredit portfeli (müştərilərə verilən kreditlər) 40 milyon manat artaraq ilin sonundakı 340 milyon manatdan 380 milyon manata yüksəlib – təqribən 12% artım.
ASB-nin başqa banklardakı depozitləri isə 30 milyon manat artaraq 405 milyondan 434 milyon manata yüksəlib.
Digər aktiv maddələrində ciddi dəyişiklik yoxdur. Bankın nağd vəsaitləri 1 milyon artaraq 15 milyon manata yüksəlib, Mərkəzi Bankda müxbir hesabındakı vəsamitlər 2 dəfə azalaraq 40 milyondan 20 milyon manata düşüb.
Cari ilin birinci rübünün sonuna Azərbaycan Sənaye Bankının (ASB) cəmi öhdəlikləri 756 milyon manat təşkil edib. Bu, ilin sonuna nisbətən 58 milyon manat və ya 8% artıqdır.
Öhdəliklərin əsas hissəsi olan depozit hesablarında 520 milyon manat vəsait toplanıb. İlin sonuna nisbətən bankda fiziki şəxslərin tələbli depozitləri 3 milyon manat azalaraq 20 milyon manat, müddətdi depozitləri 294 milyon manat olub.
Hüquqi şəxslərin vəsaitləri isə 160 milyondan 214 milyon manata yüksəlib. Hüquqi şəxslərin tələbli depozitləri, cəmi 89,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 9 milyon manat, hüquqi şəxslərin müddətli depozitləri isə 45 milyon manat artaraq 125,6 milyon manata çatıb.
Bundan başqa, ASB-də bankların və digər maliyyə institutlarının ümumilikdə 164,1 milyon manat depozitləri toplanıb. Eləcə də banklar istisna olmaqla, digər maliyyə institutlarının 44,3 milyon manatlıq kreditləri var.
Hesabat dövründə Azərbaycan Sənaye Bankının (ASB) cəmi kapitalı 130,3 milyon manat təşkil edib. Bu, bir il əvvəllə müqayisədə 2 milyon manat artım deməkdir.







![“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, [red]VƏZİYYƏTİ MƏLUM OLDU - HESABAT[/red] | FED.az](upload/news/small/2312898.jpg)
![“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, [red]VƏZİYYƏTİ MƏLUM OLDU - HESABAT[/red] | FED.az](upload/news/small/3157350.jpg)
![“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, [red]VƏZİYYƏTİ MƏLUM OLDU - HESABAT[/red] | FED.az](upload/news/small/1438030.jpg)









