Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 8,5%-dən 8,25%-ə endirdi.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin növbəti iclası keçirilib. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 8,5%-dən 8,25%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 10,25%, aşağı həddi isə 6,25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Beləliklə, Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə 5-ci dəfə faiz endirdi.
2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə endirilmişdi.
Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri faiz qərarı faiz dəhlizinin parametrlərinə həsr olunan mətbuat konfransında bildirdi ki, bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması nəzərə alınmaqla qəbul edilmişdir.