Azərbaycan Kredit Bürosu (Büro) 2019-cu il ərzində 2 BOKT, 3 lizinq şirkəti, 2 kredit ittifaqı, 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu da daxil olmaqla 12 yeni təşkilatla müqavilə imzalamışdır.
Eləcə də bax: Kredit Bürosunun məhsul və xidmətlərin - ÇEŞİDİ ARTIRILACAQ
FED.az xəbər verir ki, Büro tərəfindən hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı və İpoteka və Kredit Zəmanət Fondu, 30 bank, 14 ləğv prosesində olan bank, 44 bank olmayan kredit təşkilatı, 5 ləğv prosesində olan bank olmayan kredit təşkilatı, 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti, 3 mobil operator, 3 kommunal xidmət operatoru və 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanmışdır və 2019-cu ilin yekununa olan göstəriciyə görə Büronun əməkdaşlıq etdiyi təşkilatların sayı 120-dən 132-yə qalxmışdır.
2019-cu il ərzində Büro ilə məlumat mübadiləsi aparan təşkilatlar tərəfindən 2,882,846 sorğu həyata keçirilmişdir. Bu göstərici 2018-ci il tarixi ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 56 faiz çoxdur. Qeyd edək ki, 2018-ci il ərzində müvafiq sistemdən kredit təşkilatları tərəfindən 1,845,144 sorğu yerinə yetirilmişdir.
Büroya edilən sorğuların 2,572,178-i banklar, 309,939-u bank olmayan kredit təşkilatları, 137-si nisyə mal alqı-satqısı və 502-si lizinq şirkətləri, 90-ı isə kredit ittifaqı tərəfindən həyata keçirilmişdir.
Büronun skorinq xidmətindən isə il ərzində ümumilikdə 1,923,000 sayda istifadə qeydə alınmışdır ki, bu da ümumi sorğuların 67%-ni təşkil edir.
İl ərzində kredit hesabatı əldə etmək məqsədi ilə kredit tarixçəsi subyektləri tərəfindən Büroya 31,377 müraciət daxil olmuşdur. Müraciət etmiş şəxslərin 31,230-u fiziki, 147-si isə hüquqi şəxsdir.