9-13 iyul 2024-cü il tarixlərində “Accessbank“ QSC tərəfindən Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Özəl Müəssisə Mərkəzi ilə birgə Bakı və Gəncə şəhərlərində qadın sahibkarlar üçün “Maliyyə savadlılığı və maliyyə imkanlarına çıxış” mövzusunda təlim təşkil edilmişdir.
FED.az xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) da müvafiq təlimdə “Kreditə çıxış imkanlarının yaxşılaşdırılmasında kredit tarixçəsinin rolu” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda kredit bürosuna ümumi baxış, AKB-nin xidmətləri, əhatə dairəsi, kredit tarixçəsini təşkil edən məlumatlar, istifadəçilərin hüquqları, kredit tarixçəsinin əldə edilməsi üsulları, habelə kredit tarixçəsinin mübahisələndirilməsi metodları ilə bağlı detallı məlumat verilmişdir.
Həmçinin, təlim iştirakçılarına AKB tərəfindən istifadəyə verilmiş ilk rəqəmsal kredit tarixçəsi platforması - Findoc portalı (Portal) barədə də detallı məlumat verilmişdir. Portal şəxslərə tamamilə elektron qaydada qeydiyyatdan keçərək öz kredit tarixçələri ilə bağlı məlumatları onlayn qaydada əldə etmək imkanı verir. 7/24 prinsipi ilə fasiləsiz faəliyyət göstərən Portal vasitəsilə şəxslərə ildə 2 dəfə ödənişsiz sorğu hüququ təmin edilir. Hal-hazırda Findoc portalının istifadəçi sayı 80 min nəfərə çatmışdır.
Şəxslər Portalda qeydiyyatdan keçməklə aşağıdakı xidmətlərdən yararlana bilər:
- kredit tarixçəsi;
- skor hesabatı;
- kredit tarixçəsinin mübahisələndirilməsi;
- kredit tarixçəsinə yazılmış gecikmə günləri ilə bağlı emaillə bildirişin əldə edilməsi;
- kredit hesabatının PDF formatında əldə edilməsi;
- kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;
- kredit hesabatının AKB-nin rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi.
Əlavə olaraq bildirilmişdir ki, əsası 2018-ci ildə 8 təsisçi bank tərəfindən qoyulan AKB, hal-hazırda 250-dən artıq təşkilatla əməkdaşlıq edir. AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin minimallaşdırılmasına xidmət edir.
Daha sonra auditoriyanı maraqlandıran suallar cavablandırılmış və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.