Bu ilin yanvar-iyul aylarında Azərbaycanda banklar tərəfindən əhaliyə satılan nağd dollar kütləsinin həcmi 1 364 379,3 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 243 526,2 min dollar və ya 15,1% azdır.
Azərbaycan Mərkəzi Bankından (AMB) FED.az-a xəbər verir ki, buna baxmayaraq, cari ilin iyul ayında ölkə əhalisi tərəfindən 238 970,5 min dollar alınıb. Bu isə iyun ayına nisbətən 59 537,5 min dollar və ya 33,2%, ötən ilin iyul ayına nisbətən isə 49 663,9 min dollar və ya 26,2% çoxdur.
Qeyd edək ki, iyul ayında əhali tərəfindən nağd dollar alışının artımı əsasən insanların bu mövsümdə xarici ölkələrə daha çox səfər etməsi ilə əlaqədardır.
Bundan başqa, hesabat dövründə ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1 103 341,8 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 109 071,2 min dollar və ya 9% azdır.
Kommersiya bankları tərəfindən iyulda əhalidən alınan nağd dolların məbləği 165 506,0 min dollar təşkil edib. Bu göstərici son bir ayda 23 663,4 min dollar və ya 16,7% artıb, son bir ildə isə 9 835,6 min dollar və ya 5,6% azalıb.
Beləliklə, cari ilin yanvar-iyul aylarında Azərbaycanda əhali tərəfindən nağd dolların alışı satışı 261 037,5 min dollar, iyulda isə 73 464,5 min dollar üstələyib.
APA-Economics